Şəhriyar Məmmədyarov: Azərbaycanlı gənclər ildən-ilə daha da güclənirlər VİDEO
Bakı, 22 fevral, Cavid Əliyev, foto Azər İbrahimov, AZƏRTAC
Sözsüz ki, çıxış etdiyimiz hər yarışda birinci olmaq istəyirik. Son illər bu rəqabət davamlı şəkildə artır və artıq ikinci ildir ki, finalda məğlub oluram. Əlbəttə, bu mərhələyə çatmaq asan deyil, amma peşəkar şahmatçı üçün finala yüksəlmək özü böyük uğurdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri şahmat üzrə Azərbaycan çempionatında ikinci olan Şəhriyar Məmmədyarov deyib.
Ölkəmizdə çox güclü və perspektivli şahmatçıların yetişdiyini vurğulayan Ş.Məmmədyarov bildirib: “Məsələn, keçən il çempionatın 1/4 final mərhələsində Məhəmməd Muradlı ilə qarşılaşdım və ona qalib gəldim. Bu il isə o məni üstələdi. Bu fakt özü göstərir ki, azərbaycanlı şahmatçılar inkişaf edir, gənclərimiz ildən-ilə daha da güclənirlər. Təbii ki, zaman gənclər üçün üstünlükdür, amma mənim üçün şahmat baxımından əksinə işləyir. İllər keçdikcə belə yüksək səviyyəli turnirlərdə daha sabit və yüksək nəticə göstərmək çətinləşir. Buna görə də finala yüksəlməyimi müsbət qiymətləndirirəm.
Oyun keyfiyyətimdən ümumilikdə razıyam, lakin nəticələr baxımından tam məmnun deyiləm. Hesab edirəm ki, bəzi partiyalarda daha yaxşı nəticə əldə etmək mümkün idi".