Şəkidə 20 Yanvar faciəsinin ildönümü ilə bağlı silsilə tədbirlər keçirilir
Şəki, 13 yanvar (AZƏRTAC). Xalqımızın qan yaddaşına qəhrəmanlıq və şəhidlik zirvəsi kimi əbədi həkk olunmuş 20 Yanvar faciəsinin iyirmi birinci ildönümü ilə bağlı Şəkidə silsilə tədbirlərin keçirilməsinə başlanmışdır.
Şəhər icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə yaradılmış təşkilat komitəsinin hazırladığı tədbirlər planına uyğun olaraq, idarə, müəssisə və təşkilatlarda, ümumtəhsil, peşə, ali və orta ixtisas məktəblərində elmi konfranslar, xatirə gecələri, dəyirmi masalar, şəhid ailələrinin üzvləri ilə görüşlər, inşa yazı və şeir müsabiqələri keçirilir, idmanın müxtəlif növləri üzrə xatirə turnirləri təşkil olunur. Mədəniyyət evi, klub və kitabxanalarda Qanlı Yanvara həsr olunmuş guşələr yaradılır, foto, rəsm və kitab sərgiləri açılır, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilir. Yanvarın 19-da rayonun bütün təhsil ocaqlarında 20 Yanvar faciəsi ilə bağlı xüsusi dərslər keçiləcəkdir.
Ümumxalq hüzn gününədək Şəki şəhərində, eləcə də qəsəbə və kəndlərdə Şəhidlər xiyabanlarında iməciliklər keçiriləcək, abadlıq və səliqə-sahman işləri aparılacaqdır. Bundan əlavə, şəhid ailələrinə maddi yardımlar göstəriləcək, məscidlərdə şəhidlərin ruhuna dualar oxunacaqdır.
Yanvarın 20-də Şəkinin Şəhidlər xiyabanında ümumşəhər mitinqi keçiriləcək, şəhid məzarları üzərinə əklil və gül dəstələri qoyulacaqdır. Saat 12.00-da Şəki şəhərində, habelə qəsəbə və kəndlərdə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəkdir.