ŞƏKİDƏ MƏKTƏB BİNASI ƏSASLI TƏMİR OLUNMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Şəki şəhərindəki 10 nömrəli orta məktəbin binası əsaslı təmirdən sonra Bilik günündə yenidən şagirdlərin istifadəsinə verilmişdir.
Bu münasibətlə keçirilən mərasimi açan məktəbin direktoru Elxan Abdullayev, qədim tarixi və zəngin ənənələri olan bu təhsil ocağının uğurları barədə danışmışdır. Bildirilmişdir ki, bu il məktəbi bitirən 67 məzunun yarıdan çoxu - 35 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Qəbul imtahanlarında məzunlardan 10 nəfəri 500-dən, 4 nəfəri isə 600-dən çox bal toplamışdır. Məzunlardan bir nəfəri Türkiyənin Gülhanə Ali Hərbi Tibb Akademiyasında təhsil almaq hüququ qazanmışdır. Qeyd olunmuşdur ki, 1000 nəfərə yaxın şagirdin təhsil aldığı, 185 müəllimin çalışdığı bu təhsil ocağında sinif çatışmazlığı nəzərə alınaraq, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2006-cı ildə məktəb üçün 240 yerlik əlavə tədris korpusu da tikilib istifadəyə verilmişdir.
Mərasimdə çıxış edən AMEA Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov respublikamızda təhsilin inkişafına, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə dövlət tərəfindən daim yüksək diqqət və qayğı göstərildiyini bildirmiş, gənc nəslin biliklərə yiyələnməsində, onların Vətənə məhəbbət ruhunda tərbiyə olunmasında müəllimlərin üzərinə çox böyük və məsul vəzifələrin düşdüyünü xüsusi vurğulamış, məktəb kollektivinə yeni dərs ilində müvəffəqiyyətlər arzulamışdır.
Şagirdlərin hazırladıqları ədəbi-bədii kompozisiyanın nümayişindən sonra Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov, ziyalılar, ictimaiyyətin nümayəndələri və qonaqlar məktəb binası ilə tanış olmuşlar. Dövlət vəsaiti ilə əsaslı təmir olunan məktəbdə şagirdlərin təlim-tərbiyəsi üçün hər cür şərait yaradılmışdır.