Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb
Şəki, 16 avqust, Mustafa Dadaşov, AZƏRTAC
Avqustun 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında unudulmaz Xalq şairi, müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin xatirəsinə həsr olunmuş beynəlxalq konfrans işə başlayıb.
AMEA Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsi, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi, ADPU-nun Şəki və Quba filialları və Bəxtiyar Vahabzadənin ev-muzeyinin birgə təşkilatçılığı ilə keçirilən ikigünlük konfransda Azərbaycanın müxtəlif elm və təhsil ocaqlarından, eləcə də dünyanın müxtəlif ölkələrindən, qardaş Türkiyədən gəlmiş alim və ziyalılar iştirak edirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beynəlxalq konfransın açılış mərasimində ADPU-nun Şəki filialının direktoru, riyaziyyat üzrə elmlər doktoru, dosent Rafik Rəsulov çıxış edərək artıq ikinci ildir ki, avqustun 16-da ölməz söz ustadı Bəxtiyar Vahabzadənin anadan olduğu gün Şəkidə beynəlxalq konfrans təşkil olunaraq onun əziz xatirəsinin ehtiramla yad edildiyini diqqətə çatdırıb. Bildirilib ki, Bəxtiyar Vahabzadə XX əsrdə Azərbaycan xalqının yetişdirmiş olduğu bənzəri olmayan söz ustadı, filosof, dramaturq, publisist və azadlıq fədaisi kimi həmişə sevilib. Şəki ziyalıları beynəlxalq konfransın məhz bu şəhərdə keçirilməsini böyük şairin xatirəsinə olan dərin hörmət və ehtiramın ifadəsi kimi dəyərləndirirlər. Çünki Bəxtiyar Vahabzadə Şəkidə doğulub boya-başa çatıb və bu şəhərə həddindən artıq bağlı bir insan olub.
Qeyd edilib ki, Bəxtiyar Vahabzadə böyük sənətkar, bənzərsiz şair olub. Yaratdığı söz inciləri bütün coğrafi sərhədləri aşaraq onu dünyada tanıdıb və bütün Türk dünyasının sevilən şairinə çevirib. Şairin söylədiyi hər fikrin, yazdığı hər misranın, əsərin mayasında Vətən sevgisi, xalq təəssübkeşliyi durur. Bəxtiyar Vahabzadənin adı Azərbaycanın istiqlal şairi kimi də həmişə fəxrlə çəkilir.
Diqqətə çatdırılıb ki, Bəxtiyar Vahabzadə xalqının gen yaddaşında təkcə əvəzsiz bədii yaradıcılığa malik bir şair kimi deyil, eyni zamanda, xalqımızın azadlığı, Azərbaycanın müstəqilliyi naminə dönmədən mübarizə aparan bir fədai kimi qalıb. Onun Azərbaycan dilinin qorunması və inkişafı naminə gördüyü işlər, bu mövzuda yazdığı şeirlər, Azərbaycanın müstəqilliyi mövzusuna həsr olunan əsərləri, vətənpərvərlik mövzusunda yazıları gənc nəslin milli-mənəvi dəyərlərimizə sayğılı ruhda böyüməsində müstəsna rola malikdir.
Konfransın sədri, AMEA-nın Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri, professor Ramazan Qafarlı çıxışında bildirib ki, unudulmaz şair Bəxtiyar Vahabzadənin doğum günü həm də böyük ədəbiyyat bayramıdır. Bəxtiyar Vahabzadə nəinki Azərbaycanın, eləcə də bütün Türk dünyasının ən qüdrətli söz ustalarından biri olub. Onun əsərləri Azərbaycanda olduğu kimi, Türkiyədə də, digər türkdilli ölkələrdə də sevilə-sevilə oxunur.
Konfransın Elm Komitəsinin sədri, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru, professor Sevinc Əliyeva çıxış edərək Bəxtiyar Vahabzadənin yaradıcılığından söz açıb. Bildirilib ki, şairin yaradıcılığı Azərbaycan bədii fikrinin zənginləşməsində mühüm rol oynayıb. Azərbaycan dilinin saflığı, təmizliyi və zənginləşməsi uğrunda mübarizə Bəxtiyar Vahabzadənin yaradıcılığının əsas istiqamətlərindən birini təşkil edib.
Konfransda digər çıxış edənlər Bəxtiyar Vahabzadənin Azərbaycanda söz sənətinin inkişafındakı xidmətlərindən danışıb, şairin yaradıcılığının müxtəlif məqamlarına toxunublar.
Beynəlxalq konfrans sonra bölmə iclaslarında öz işini davam etdirib.