“Səma” rəqs ansamblı “Bahar sevinci” konsert proqramı ilə çıxış edib
Bakı, 17 mart, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Xətai Sənət Mərkəzində “Bahar sevinci” adlı konsert keçirilib.
AZƏRTAC xəbər verir ki, Şüvəlan qəsəbə Mədəniyyət evi və Xətai rayon Mədəniyyət Mərkəzinin birgə təqdim etdiyi Novruz bayramına həsr olunmuş konsertdə “Səma” rəqs ansamblı çıxış edib.
Tədbirdə Milli Məclisin deputatı, Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Baş İdarənin rəisi İbrahim Əliyev, Özbəkistan, Rumıniya, Tacikistan, Türkmənistan, Meksika, Braziliya, Türkiyə, Qazaxıstan və Azərbaycandakı səfirləri və nümayəndələri, mədəniyyət işçiləri, eləcə də digər qonaqlar iştirak ediblər.
Konsertdə “Səma” rəqs ansamblı tərəfindən Azərbaycan və Türk dünyası ölkələrinin milli rəqsləri nümayiş olunub.
Tədbirdə çıxış edən deputat Günay Əfəndiyeva milli adət-ənənələrimizin və mənəvi dəyərlərimizin yaşadılmasına verdikləri töhfəyə görə “Səma” rəqs ansamblının rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirərək deyib: “Bu gün qədim Novruz bayramı ərəfəsində “Səma” rəqs ansamblının uşaqları bizə baharın gözəl ətrini, yeni nəfəsini yaşatdılar. Burada rəqslərini nümayiş etdirən uşaqlarımız azad, müstəqil, öz əzəli torpaqlarını qaytarmış və ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanın qürurlu övladlarıdır. Bu gün bizim uşaqlarımız öz ifaları ilə həm də Türk dünyasına olan sevgilərini göstərdilər”.
Günay Əfəndiyeva “Səma” rəqs ansamblının bədii rəhbəri Səma Sadıqovaya təşəkkürnamə təqdim edib.
Daha sonra Şüvəlan qəsəbə Mədəniyyət evi və Xətai rayon Mədəniyyət Mərkəzinin rəsm dərnəyinin üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Sonda qonaqlara hədiyyələr təqdim olunub.