Sərbəst güləşçilərimiz Dağıstanda 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar
Bakı, 10 may, AZƏRTAC
Dağıstan Respublikasının Çumada rayonunda Sovet İttifaqı qəhrəmanı Kadi Abakarovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə 44-cü beynəlxalq turnir keçirilib.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən xəbərə görə, turnirdə iştirak edən böyüklərdən ibarət yığma komandamızın üzvləri 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar.
Yarışda 61 kiloqram çəki dərəcəsində mübarizə aparan Əhmədnəbi Qvarzatilov və Məhəmməd Müslümov (70 kq) bütün rəqiblərini üstələyərək turnirin qızıl medalına yiyələniblər. Əhmədnəbi Qvarzatilov finalda yerli idmançı Şamil Omarov, Məhəmməd Müslümov isə komanda yoldaşı Murtuzəli Müslümov üzərində qələbə qazanıb.
Digər gümüş medala gərgin keçən final görüşündə yerli idmançı Zaur Uquyevə uduzan Georgi Edişeraşvili (57 kq) sahib olub. Görüşdə 4:4 hesablı bərabərlik qeydə alınsa da, son xalı rəqibin qazanması görüşün də onun xeyrinə başa çatması ilə nəticələnib.
Turnirdə 74 kiloqram çəkidə xalça üzərinə çıxan Ruslan Dibirhacıyev isə turnirin bürünc medalına sahib olub.
Bundan başqa Georgi Edişeraşvili “Ən yaxşı texnikalı güləşçi” nominasiyasında turnirin mükafatına layiq görülüb.