Serbiyanın “Politika” qəzeti Heydər Əliyev Beynəlxalq Aeroportunun möhtəşəmliyindən yazır
Belqrad, 10 iyul, AZƏRTAC
Serbiyanın “Politika” qəzetində dərc edilmiş “Qafqazın qapısı” sərlövhəli yazıda möhtəşəm Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksindən bəhs edilir.
Müəllif əvvəlcə Azərbaycanın ilk Avropa Oyunlarına uğurla ev sahibliyi etməsi ilə bağlı dünya mətbuatının gündəmində olmasından yazır, eyni zamanda, ölkəmizin bir sıra dövlətlərin, o cümlədən Serbiyanın mədəni həyatına mühüm töhfələr verdiyini vurğulayır. Bildirilir ki, bu sırada Serbiyada Azərbaycan hökumətinin dəstəyi ilə təmir və bərpa edilmiş “Taşmaydan” parkını xüsusi vurğulamaq olar.
Məqalədə Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi barədə məlumat verən müəllif qeyd edir ki, bu terminal il ərzində 6 milyon sərnişin qəbul etmək potensialına malikdir. Müasir standartlara cavab verən kompleksdə sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılıb. Müəllif tikilinin memarlıq və dizayn xüsusiyyətlərindən bəhs edərək vurğulayır ki, kompleksin inşası zamanı həm milli ənənələr, həm də müasir elementlər nəzərə alınıb. Xüsusilə ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkili istiqamətində bu tikili mühüm rol oynadı. Yazıda deyilir: “Bakıya səfər edənlər üçün möhtəşəm Heydər Əliyev Beynəlxalq Aeroportu uzun müddət yaddaşlarda qalacaq. Xüsusilə, dost ölkə olan Azərbaycanda xeyli medallar qazanan serbiyalı idmançılar üçün”.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad