Sərdar Yurtsevər: Təhsil Türk dünyasının ortaq baxışının təməlidir VİDEO
Bakı, 6 may, AZƏRTAC
Tariximiz bizə dəfələrlə göstərib ki, türkün türkdən başqa dostu yoxdur. Bu fikir sadəcə bir şüar deyil, əsrlərin dərinliyindən bu günə çatan bir həqiqətdir. Bu gün qlobal nizam daha çox güclülərin maraqları üzərində qurulub. Belə bir şəraitdə varlığını davam etdirməyin yeganə yolu birlik, həmrəylik və qardaşlıqdan keçir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Girne Amerika Universitetinin rektoru Sərdar Yurtsevər Bakı Dövlət Universitetində keçirilən “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” mövzusunda beynəlxalq konfransda deyib.
Rektor bildirib ki, təhsil bir millətin ən strateji sahəsidir və bu sahə yalnız bilik ötürməkdən ibarət deyil, eyni zamanda, kimliyin formalaşdırılması, ortaq idealların paylaşılması və gələcək təsəvvürünün qurulması deməkdir: “Bu kontekstdə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “təhsildir ki, bir milləti ya hürr, müstəqil, şanlı, yüksək bir cəmiyyət halında yaşadır, ya da əsarət və səfalətə tərk edir” fikri xüsusi əhəmiyyət daşıyır. Bu sözlər yalnız bir sitat deyil, həm də yol xəritəsidir. Atatürkün təhsilə verdiyi önəm Türk dünyasının ortaq baxışının təməlini təşkil etməlidir, çünki təhsil olmadan nə birlik, nə inkişaf, nə də azadlıq mümkündür”.
Sərdar Yurtsevər əlavə edib ki, Şimali Kipr Türk Cümhuriyyəti Şərqi Aralıq dənizinin mərkəzində yerləşərək Türk dünyasının ön mövqelərindən biri kimi təhsil vasitəsilə mühüm missiya daşıyır: “Bu gün Şimali Kipr Türk Cümhuriyyəti universitetləri dünyanın onlarla ölkəsindən, yüzlərlə millətindən olan on minlərlə tələbəyə qapılarını açır və bu tələbələr ortaq gələcəyin, ortaq üfüqün daşıyıcıları kimi çıxış edirlər. Bu baxımdan Şimali Kipr Türk Cümhuriyyətində atılan hər bir addım Türk dünyasının bütövlüyünə təsir edən geniş əks-səda doğurur. Türk dünyası artıq tarixi və mədəni birlik çərçivəsində deyil, eyni zamanda, çoxşaxəli və dinamik bir güc mərkəzi kimi formalaşır. Girne Amerika Universiteti də bu istiqamətdə Türk dünyası ölkələrinin digər universitetləri ilə ortaq proqramların inkişaf etdirilməsi, akademik hərəkətliliyin genişləndirilməsi və birgə tədqiqat mərkəzlərinin yaradılmasını hədəfləyir”.