“Sərsəng SOS: Humanitar Böhran Təhdidi” kitabının təqdimatı olub
Bakı, 16 dekabr, Samirə Quliyeva, AZƏRTAC
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) “Sərsəng harayı” layihəsi çərçivəsində hazırladığı “Sərsəng SOS: Humanitar Böhran Təhdidi” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, tədbirdə AVCİYA-nın vitse-prezidenti Vəli Əlibəyov çıxış edərək kitabın ermənilərin işğalı altında olan Sərsəng su anbarında yarana biləcək humanitar fəlakəti əks etdirdiyini vurğulayıb. Kitabın Azərbaycan dilindən əlavə, ingilis və fransız dillərində də nəşr olunduğunu söyləyən V.Əlibəyov qeyd edib ki, kitabın üç dildə çap edilməsində məqsəd ekoloji fəlakət nəticəsində yaşanacaq faciənin fəsadları ilə bağlı məlumatları dünya ictimaiyyətinə çatdırmaqdır. Bildirilib ki, üç nəfərdən ibarət işçi qrup ekoloji fəlakətin yaşana biləcəyi Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Goranboy, Yevlax rayonlarında araşdırmalar aparıb və kitabdakı məlumatlar real faktlar əsasında hazırlanıb.
Kitabda Ermənistanın işğalı altında olan Sərsəng su anbarının təsir dairəsinə düşən rayonlarda beynəlxalq və milli qanunvericilik aktlarında təsbit edilmiş insan hüquq və azadlıqlarının vəziyyətinə dair hesabat da yer alıb.