Səyyah-fotoqraf: Naxçıvan təbiət yürüşləri və tarixə səyahət üçün ideal məkandır
Naxçıvan, 24 may, AZƏRTAC
“Naxçıvan kəşf olunmamış xəzinəmizdir” sözlərini çox eşitmişdim. Bu fikrin təsiri ilə təxəyyülümdə muxtar respublikada həqiqətən də “xəzinə” tapacağımı canlandırırdım. Uzun zamandır görməyi arzuladığım Naxçıvana gəldim və burada, necə deyərlər, üçqat xəzinə tapdım.
Bu sözləri AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində səyyah-fotoqraf İradə Qədirova deyib.
Naxçıvanın həm gözəl təbiətini, həm də mehriban insanlarını özü üçün kəşf etdiyini bildirən İradə Qədirova bu torpaqda əsl azərbaycançılığın nəbzini tutduğunu vurğulayıb.
Onun sözlərinə görə, uzun illərdir mütəmadi səyahət edir, 2016-cı ildən “Azərbaycan” layihəsini həyata keçirir. Ölkəni qarış-qarış gəzən fotoqraf Vətənin həm təbiətini, həm də insanlarını kameranın yaddaşına köçürür.
“Naxçıvana gəlməyi bir neçə il idi ki, planlaşdırırdım. Bu istəyimi Azərbaycan Hava Yolları və “Nəqşicahan” Holdinq Şirkətlər Qrupunun dəstəyi ilə həyata keçirə bildim”, - deyən səyyah Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin dəstəyini də qeyd edib.
İradə Qədirova bildirib ki, gəlməzdən əvvəl 520 səhifəlik “Naxçıvan Ensiklopediyası”ndan məlumat toplayıb: “70 abidənin olduğu bir siyahı hazırladım. Səyahət ərzində sosial şəbəkələrdən olan izləyicilərimin də təklif etdikləri yerlər oldu. Nəticədə çox gözəl məkanları gəzib gördüm və fotolarını çəkərək sosial şəbəkələrdə paylaşdım”.
Səyyah-fotoqraf Naxçıvanın hətta ən ucqar kəndlərinin də təmizliyi ilə diqqət çəkdiyini vurğulayaraq deyib: “Bəzi yerlərdə çayların, meşələrin çirkləndirilməsi bir nömrəli ekoloji problemlərdən biridir və bu, məni hər zaman narahat edir. Naxçıvanda isə çaylar tərtəmiz axır. Ətrafında quşlar uçur. Flora və fauna sakit və azaddır. Ordubadın Göygöl ərazisində ayıların olması, canavarlar, ətrafda uçuşan müxtəlif quşlar, sakitcə sürünən ilanlar və gördüyüm bütün mənzərələr təbiətin necə qorunduğunu göstərirdi. Ovun qadağan olunması təbiətin canlanmasında öz sözünü deyib”.
O qeyd edib ki, muxtar respublikanın ən ucqar kəndlərinə də təbii qaz çəkilib. Bu amil meşələri qoruyur. Yollar çox gözəldir. İnfrastruktur o qədər rahatdır ki, ucqar yerlərə də maneəsiz getmək olur. Ən ucqar kəndlərdə də çox gözəl məktəb binaları var.
Səyyah Naxçıvanda tarixi abidələrin bərpa edilməsinin təqdirəlayiq hal olduğunu vurğulayıb. “Bərpa edilərək Azərbaycan xalqına bəxş edilən Möminə Xatun türbəsi, Yusif ibn Küseyr məqbərəsi, Qarabağlar türbəsi, Əlincəqala, Gülüstan türbəsi və digər bir sıra abidələr tariximizin canlı şahidləridir. Bu abidələri görmək insanı həyəcanlandırır və sanki zaman maşını ilə keçmişə qayıdırsan. Məscidlər də çox gözəl bərpa olunur. Abidələr diqqətlə qorunur”, - deyə o vurğulayıb.
İradə Qədirova Naxçıvanda turizm infrastrukturunun yüksək səviyyədə qurulduğunu da qeyd edib. Onun fikrincə, turistlərin Naxçıvanda gəzməsi və qala bilməsi üçün ideal şərait yaradılıb: “Turistlər rahat şəkildə gəlib burada qala, arzuladıqları yeməkləri yeyə, tarixi məkanlarda gəzə, tarixi sevmirlərsə, müasir əyləncə məkanlarından istifadə edə bilərlər. Naxçıvan təbiət yürüşləri və tarixə səyahət baxımından çox gözəl məkandır. Sağlamlıq turizminin əsas ünvanlarından biridir. Onlarla mineral su, Darıdağ Arsenli Su Müalicəxanası, Duzdağ kimi çox müalicəvi nemətləri var. Naxçıvan özünün güclü sağlamlıq turizmi imkanlarına görə nəinki keçmiş sovet məkanından, eyni zamanda, Avropa və Amerikadan da turistləri cəlb edə bilər”.
Səyyah-fotoqraf dini ziyarətgahların da turistlər üçün maraqlı ola biləcəyini diqqətə çatdırıb. Bu gün Əshabi-Kəf ziyarətgahına dünyanın hər yerindən ziyarətçilər gəlir. Ziyarətgaha çəkilən yolun rahatlığı, infrastrukturun yüksək səviyyədə olması onların işini çox asanlaşdırıb. O, gəziləcək yerlərin bir-birindən çox uzaq məsafədə olmamasının turistlər üçün münasib olduğunu da qeyd edib.
İradə Qədirova Naxçıvan təbiətinin möcüzəvi xüsusiyyətlərindən bəhs edərək deyib ki, burada qızmar günəşli hava qəflətən leysan yağışla əvəzlənir. Hər tərəf dərman bitkiləri ilə zəngindir, ayağını torpağa basırsan ətri ətrafa yayılır. Naxçıvan Muxtar Respublikasının insanlarının mehribanlığı, istiqanlı və qonaqpərvər olması isə xüsusi vurğulanmalıdır. Torpağı torpaq edən insanlardır, - fikrinin nə qədər doğru olduğuna burada şahid olursan. O deyib: “Böyük səyahətlər tək addımla başlayır. Naxçıvana gəlmək və gəzmək heç də çətin deyil. Arzu edənlər çox rahat şəkildə gəlib Vətənimizin bu gözəl torpaqlarını özləri üçün kəşf edə bilərlər”.