Şimal bölgəsində yaradılan Abituriyent Məsləhət mərkəzləri ödənişsiz xidmət göstərəcək
Xaçmaz, 15 avqust, Elxan Yusifli, AZƏRTAC
Şimal bölgəsində ali təhsil müəssisələrinə ixtisas seçimi zamanı beş Abituriyent Məsləhət Mərkəzi fəaliyyət göstərəcək.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Xaçmaz Regional Bölməsi və Quba-Xaçmaz Regional Təhsil İdarəsi tərəfindən əlaqəli şəkildə qurulan mərkəzlər avqustun 16-28-də ali təhsil müəssisələrinə ixtisas seçimi zamanı abituriyentlərə ödənişsiz xidmət göstərəcək.
Abituriyent Məsləhət mərkəzləri Quba şəhər 2 nömrəli təbiət fənləri üzrə təmayüllü məktəb-liseydə (18 avqust), Qusar şəhər 3 nömrəli tam orta məktəbdə (21 avqust), Siyəzən şəhər 2 nömrəli tam orta məktəbdə (23 avqust), Şabran şəhər 4 nömrəli tam orta məktəbdə (25 avqust) və DİM-in Xaçmaz regional bölməsində (16-28 avqust) fəaliyyət göstərəcək. Mərkəzlərə müraciət edən abituriyentlərə DİM-in Xaçmaz regional bölməsinin əməkdaşları və rayon təhsil sektorlarının məsul şəxsləri tərəfindən tələbə qəbulu qaydaları, “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və sairə haqqında lazımi kömək göstəriləcək.