“Şimal” heyətini iki futbolçu ilə gücləndirib
Xaçmaz, 5 mart, AZƏRTAC
Futbol üzrə Azərbaycan 1-ci Liqasında mübarizə aparan Xaçmazın “Şimal” futbol klubu heyətini iki legionerlə gücləndirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kot-d'İvuarlı 19 yaşlı yarımmüdafiəçi Senin Sebai İvan və onun həmyerlisi 21 yaşlı hücumçu Gla Ange Donald komandanın heyətinə cəlb olunub.
Senin Sebai İvan karyerası ərzində Kot-d'Divuarın "Abidjan City" və Portuqaliyanın "Sportinq" klublarında çıxış edib. Gla Ange Donald isə bundan əvvəl Moldovada "Saksan" və Azərbaycanda "Mingəçevir" komandalarının üzvü olub.
I Liqada 2025-2026-cı illər futbol mövsümündə 10 komanda mübarizə aparır. İlk dövrədən sonra hesabında 8 xalı olan “Şimal” turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Müxbir - Elxan Yusifli