REGİONLAR
Şirvanda nümayiş olunan “Nurlu ömrün anları” tamaşası maraqla qarşılanıb
Şirvan 15 iyul, Aydın Yavərzadə, AZƏRTAC
İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları Şirvan Şəhər Mədəniyyət Mərkəzinin səhnəsində “Nurlu ömrün anları” tamaşasını təqdim ediblər. Tamaşa Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə hazırlanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, mədəniyyət işçiləri, şəhər sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini, bununla əlaqədar olaraq respublikamızda, o cümlədən Şirvan şəhərində silsilə tədbirlərin keçirildiyini bildirib. Ulu Öndər Heydər Əliyevin zəngin irsinin, fəaliyyətinin və ideyalarının indiki və gələcək nəsillər üçün örnək olduğunu diqqətə çatdırıb. Hər bir azərbaycanlının qəlbində xalqımızın xilaskarı və müstəqil dövlətimizin qurucusu Heydər Əliyevə böyük sevgi və dərin minnətdarlıq hissi olduğunu, onun əziz xatirəsinin daim qəlbimizdə yaşayacağını vurğulayıb.
Müstəqil Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı həyatına, onun siyasi fəaliyyətinə, azərbaycançılıq və dövlətçilik məfkurəsinə həsr olunan “Nurlu ömrün anları” tamaşası izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, tamaşanın müəllifi Əməkdar mədəniyyət işçisi, şair-dramaturq İftixar Piriyevdir.