Şirvanda “Təmiz ölkəm” aksiyası: Üç hektar ərazi məişət tullantılarından təmizlənib
Şirvan, 6 avqust, Aydın Yavərzadə, AZƏRTAC
"Təmiz ölkəm" aksiyası çərçivəsində 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin təşəbbüsü, Şirvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Hacıqabul gölünün Şirvan şəhər ərazisində təmizlik aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Şirvan Şəhər İcra Hakimiyyətinin rəhbərliyinin və məsul əməkdaşlarının, şəhər könüllülərinin, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin, şəhərin kommunal-təsərrüfat və xidmət sahələrinin və digər qurumların nümayəndələri iştirak ediblər. Gün ərzində uzunluğu 1 km, sahəsi 3 ha ərazidə atılmış ümumi həcmi 835 kq məişət tullantıları, xüsusilə də, plastik qablar, polietilen torbalar təmizlənərək zərərsizləşdirilməsi üçün şəhər məişət tullantıları poliqonuna daşınıb. Ümumilikdə 110 nəfərin iştirak etdiyi aksiyada iştirakçılar arasında bərk məişət tullantılarının düzgün idarə olunması sahəsində zəruri maarifləndirmə işləri aparılıb. Gələcək nəsillərə sağlam həyat, təmiz ətraf mühit bəxş etmək üçün, hər kəsin təbiətimizə qayğı ilə yanaşmasının və onu təmiz saxlamasının vacib olduğu diqqətə çatdırılıb.