Sosial xidmətlərə tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsi qaydalarında dəyişikliklər təklif olunur
Bakı, 25 fevral, AZƏRTAC
Sosial xidmətlərə tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsi qaydalarında dəyişikliklər təklif edilir. “Sosial xidmət haqqında” Qanuna edilən dəyişiklik layihəsində sosial xidmətlərə olan tələbatın qiymətləndirilməsi və müəyyənləşdirilməsi mexanizmlərinin yenilənməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, həmin dəyişikliklər bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə olunub.
Layihəyə əsasən, sosial xidmətin göstərilməsi ilə bağlı müraciət müvafiq icra hakimiyyəti orqanına daxil olduğu andan etibarən 5 iş günü ərzində həmin müraciət sosial işçiyə yönləndiriləcək. Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, bu müddət müraciətin daxil olduğu gündən sonra hesablanır.
Digər təklifə əsasən isə şəxsə (və ya ailəyə) dövlət büdcəsi hesabına sosial xidmət göstərilməsi və ya göstərilməsindən imtina edilməsi barədə qərar sosial işçi tərəfindən hesabat təqdim edildikdən sonra 5 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul ediləcək. Hazırkı qanunvericiliyə görə, bu müddət hesabatın təqdim edildiyi gündən sonra hesablanır.
Bundan əlavə, mövcud qanunvericilik sosial işçi tərəfindən sosial xidmətin forması, növü, göstərilmə yeri və müddətini əks etdirən qiymətləndirmə hesabatının hazırlanmasını və şəxsə (və ya ailəyə) sosial xidmət göstərilməsinə dair fərdi planın tərtib olunmasını nəzərdə tutur. Yeni layihədə isə sosial işçinin fərdi planı 5 iş günü ərzində hazırlaması təklif edilir.
Belə ki, sosial xidmət tətbiqini genişləndirmək məqsədilə mövcud qanunvericiliyə yeni bir növün əlavə edilməsi təklif olunur. Qanunun 25-ci maddəsinə ediləcək dəyişikliklərlə sosial xidmət anlayışının tənzimlənməsi və onun hüquqi çərçivələrinin müəyyənləşdirilməsi nəzərdə tutulur. Bu çərçivədə sosial xidmətin ödənişli, qismən ödənişli və tam dövlət dəstəyi ilə həyata keçirilməsi mümkün olacaq. Eyni zamanda, çətin həyat şəraitində olan şəxslər üçün dövlət tərəfindən sosial xidmət zəmanətləri artırılacaq və onların bu imkanlardan faydalanması üçün əlavə təminat mexanizmləri yaradılacaq. Qanun layihəsinə əsasən, sosial xidmətlərin göstərilməsi zamanı müvafiq tərəflər arasında müqavilələrin bağlanması tələb olunacaq. Bu isə, öz növbəsində, sosial xidmətlərin hüquqi bazasını gücləndirəcək və tənzimləmə mexanizmlərini daha şəffaf edəcək.
Bundan əlavə, qanunun 78-ci maddəsinə edilən dəyişikliklər çərçivəsində sosial xidmətlərin keyfiyyətinə nəzarət məsələləri də dəqiqləşdiriləcək. Xüsusilə, bu xidmətlərin dövlət standartlarına uyğunluğunun təmin edilməsi əsas prioritetlərdən biri kimi müəyyən olunub. Lakin nəzarətin konkret olaraq hansı qurum tərəfindən həyata keçiriləcəyi məsələsi hələlik açıq qalır. Bu dəyişikliklər sosial xidmət sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə və vətəndaşların sosial rifahının artırılmasına yönəlmiş mühüm addımlardan biri kimi qiymətləndirilir.