SOYDAŞIMIZ ALMANİYA BUNDESTAQININ VƏ ABŞ KONQRESİNİN “PARLAMENTLƏRARASI HAMİLİK PROQRAMI”NIN İLK ƏCNƏBİ İŞTİRAKÇISIDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Almaniyanın Frankfurt şəhərindəki Königstayn Taunus qimnaziyasının şagirdi 13 yaşlı Leyla Əzizova 2005-ci ildə Hessen federal əyaləti Təhsil Nazirliyi nəzdində mühacir uşaqların təhsilinə qayğı göstərən Herti Fondunun təqaüdünü qazanmışdı.
L.Əzizova fondun himayəsi altında təhsilini davam etdirdiyi iki il müddətində fitri istedadı ilə Almaniya təhsil sisteminn tələbləri ilə ayaqlaşa bilən istedadlı bir şagird olduğunu sübut etmişdir. Azərbaycanlı məktəblinin nailiyyətlərini yüksək qiymətləndirən Herti Fondu onu növbəti dəfə istedadlı gənclərin təqaüd proqramında sınaqdan çıxarmışdır. Leyla Almaniyada təhsil alan ilk əcnəbi kimi Almaniya Bundestaqının və ABŞ Konqresinin “Parlamentlərarası hamilik proqramı”nın sertifikatına layiq görülmüşdür.
1983-cü ildən Almaniya Bundestaqı və ABŞ Konqresi arasında qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq münasibətləri çərçivəsində icra olunan bu proqram almaniyalı məktəblilərə ABŞ məktəblərində təhsilini davam etdirmək, Birləşmiş Ştatların ictimai-siyasi həyatı ilə tanış olmaq, hətta orta təhsili orada başa çatdırmaq imkanı verir.
Almaniya Bundestaqının Leyla Əzizovanın valideynlərinə ünvanladığı təbrikdə bildirildiyi kimi, Leyla 2007-ci il avqustun 9-da Almaniyanın ən gənc elçisi qismində ABŞ-a yola düşəcəkdir. Leyla “Parlamentlərarası hamilik proqramı”nın ilk azərbaycanlı təqaüdçüsüdür.