SİYASƏT
Soydaşlarımız separatçılara dəstək verən polyak deputata kəskin etirazlarını bildiriblər
Bakı, 8 oktyabr, AZƏRTAC
Polşa Azərbaycanlıları Koordinasiya Şurası və Varşavadakı Azərbaycan Evi ölkə Seyminə (parlament) etiraz məktubu ilə müraciət edib. Buna səbəb Seymin deputatı Marta Kubiakın biraylıq maaşını qondarma və separatçı Dağlıq Qarabağ rejiminə göndərməsi olub.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan və Polşa dostluğunun qədim tarixə malik olduğunu vurğulayan məktub müəllifləri deputat Marta Kubiakın hərəkətlərinin mənəvi baxımdan düzgün olmamasından təəssüfləndiklərini bildirərək yazıblar: “Maaşını Dağlıq Qarabağın separatçı, beynəlxalq hüquq tərəfindən qəbul edilməyən rejiminə göndərmək və bunu açıq şəkildə elan etmək deputatın əsas missiyası olmamalıdır. Bu, Polşanın milli qanunlarına və BMT Təhlükəsizlik Şurası, Baş Assambleyası, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT qarşısında qəbul etdiyi öhdəliklərinə ziddir”.
Deputatın qeyri-qanuni hərəkətinin və yersiz niyyətinin yalnız Azərbaycan ilə Polşa arasındakı qarşılıqlı münasibətləri pozmağa xidmət etdiyinə diqqəti cəlb edən soydaşlarımız Seymin üzvlərini bu hərəkəti pisləməyə çağırıblar. Bildirilib ki, yalnız bu cür hərəkətlərin pislənməsi münasibətlərimizin nə qədər güclü və sarsılmaz olduğunu göstərə bilər.
Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərli və bu ölkədə yaşayan digər soydaşlarımız da Marta Kubiakın şəxsi elektron poçtuna etiraz məktubları göndəriblər.