STOKHOLMDA AZƏRBAYCAN- İSVEÇ BİZNES FORUMU KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 16-da Stokholmda İsveçin ən böyük maliyyə mərkəzlərindən olan Skandinaviya Bankının (SEB) binasında Azərbaycan-İsveç biznes forumu keçirilmişdir.
Ölkəmizin İsveç Krallığındakı səfirliyindən bildirmişlər ki, İsveçin ticarət naziri xanım Eva Byörlinq biznes forumun açılışındakı çıxışında İsveç-Azərbaycan əlaqələrinin genişlənməsinin vacibliyini vurğulamış, həmçinin Azərbaycanın son illər iqtisadi və digər sahələrdə qazandığı uğurları qeyd etmişdir.
Nazir Azərbaycan hökumətini Dünya Bankının “Doing Business 2009” hesabatında öz reytinqini 64 pillə yaxşılaşdıraraq 33-cü yerə çıxması və hesabatda Azərbaycanın dünyada ən islahatçı ölkə elan edilməsi münasibətilə təbrik etmişdir.
Forumda müxtəlif sahələri təmsil edən iş adamlarının iştirakının geniş məlumat və təcrübə mübadiləsi aparmağa imkan verdiyini qeyd edən Eva Byörlinq demişdir ki, bu cür tədbirlər bir-birimizi daha yaxından tanımağa xidmət edəcəkdir. Biz ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə həm də belə tədbirlərin sayəsində nail ola bilərik.
Azərbaycanın İsveç Krallığındakı səfiri Rafael İbrahimov forumun açılış mərasimindəki çıxışında tədbir iştirakçılarını salamlamışdır.
Səfir Azərbaycanın İsveç ilə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırmış, bu forumun ölkələrimiz arasında əlaqələrin genişlənməsinə töhfə verəcəyini demişdir.
Skandinaviya Bankının nümayəndəsi Erik Belfreg ölkələrimizin iqtisadi sahədə əməkdaşlığının genişlənməsi baxımından biznes forumun əhəmiyyətini vurğulamışdır.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Emil Məcidov ölkəmizin biznes və sərmayə mühiti barədə ətraflı məlumat vermişdir.
İsveç İnvestisiya Agentliyinin nümayəndəsi Maqnus Runbek ölkəsinin iqtisadiyyatı haqqında danışmışdır.
Azərbaycan İnvestisiya Şirkətinin (ASC) direktoru Anar Axundov xarici sərmayəçilərlə birgə həyata keçirilən investisiya layihələri haqqında məlumat vermişdir.