STOKHOLMDA İSVEÇ-AZƏRBAYCAN BİZNES-FORUMU KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 16-da Stokholmda İsveçin ən böyük maliyyə mərkəzlərindən biri olan Skandinaviya Bankının binasında Azərbaycan-İsveç biznes-forumu işə başlamışdır. Azərbaycanın İsveç Krallığındakı səfiri Rafael İbrahimov forumun açılış mərasimindəki çıxışında tədbir iştirakçılarını salamlamışdır.
Səfir Azərbaycanın İsveç ilə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdırmış, bu forumun ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyini demişdir.
İsveçin ticarət naziri xanım Eva Byörlinq bildirmişdir ki, forumda müxtəlif sahələri təmsil edən iş adamlarının iştirakı geniş məlumat və təcrübə mübadiləsi aparmağa imkan verir.
Nazir demişdir ki, bu cür forumlar bir-birimizi daha yaxından tanımağa xidmət edəcəkdir. Biz ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə həm də belə tədbirlərin sayəsində nail ola bilərik.
Eva Byörlinq, həmçinin Azərbaycanın iqtisadi və digər sahələrdə qazandığı uğurları qeyd etmişdir.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən forumda ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulmuşdur.