CƏMİYYƏT
Su hövzələrindən 26 min 960 metr uzunluğunda 535 ədəd sintetik tor yığışdırılıb
Bakı, 13 iyun, AZƏRTAC
“Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyası çərçivəsində bu günədək ölkənin su hövzələrindən 26 min 960 metr uzunluğunda 535 ədəd sintetik tor yığışdırılıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, su hövzələrinin təmizliyi və balıq populyasiyasına təsirlərin aradan qaldırılmasına yönələn aksiyalar davam etdirilir: “Xidmətin əməkdaşları tərəfindən Xəzər dənizinin Bakı, Sumqayıt, Lənkəran şəhərləri, Astara, Siyəzən, Şabran, Xaçmaz, Neftçala rayonları akvatoriyasında, Mingəçevir, Yenikənd, Ağstafaçay, Şəmkir su anbarlarında, Kür, Araz çaylarında, həmçinin digər daxili su hövzələrində reydlər keçirilir, ərazilər nəzarətdə saxlanılır. Keçirilən reydlər və nəzarət tədbirləri ilə yanaşı martın 27-dən start verilən “Hövzələri sintetik torlardan birlikdə təmizləyək” aksiyası çərçivəsində vətəndaşların fəallığı da xüsusi qeyd olunmalıdır.
Aksiyada fəal iştirak edərək su hövzələrində rast gəldikləri sintetik torlar barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi sosial şəbəkə hesablarına dəqiq koordinatları göstərməklə məlumat verən və balıq ehtiyatlarının mühafizəsinə dəstək olan bütün təbiətsevər vətəndaşlarımıza təşəkkür edirik”.