Sülhməramlılara məxsus daha beş avtomobil Xankəndiyə gedib
Şuşa, 22 fevral, Ceyhun Alışlı, AZƏRTAC
Bu dəqiqələrdə Rusiya sülhməramlılarına məxsus beş avtomobil azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda dinc məqsədlə təşkil etdikləri aksiya ərazisindən sərbəst keçib.
AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, 3-ü yük, 2-si isə minik avtomobili olmaqla, 5 avtomobil Laçından gələrək Xankəndiyə gedib.
Həmişə olduğu kimi, bu gün - ekoaksiyanın 73-cü günündə də sülhməramlılara məxsus nəqliyyat vasitələrinin ərazidən heç bir maneə olmadan hərəkət etmələri bir daha aksiyanın məramının dinc olduğunu nümayiş etdirir. Azərbaycanlı ekofəallar etirazların ilk günündən humanist prinsiplərə sadiqdirlər. Heç də siyasi xarakter daşımayan bu aksiya Qarabağ ərazisində faydalı qazıntı yataqlarının istismarına qarşıdır.
Qeyd edək ki, bu gün hazırkı vaxtadək aksiya ərazisindən keçən avtomobillərin sayı 77-yə çatıb.