Sülhməramlıların öz vəzifələrini yerinə yetirməmələri vəziyyəti gərginləşdirir - Hərbi ekspert
Bakı, 15 avqust, AZƏRTAC
Cənubi Qafqazda maraqları toqquşan Rusiya, İran, Fransa kimi dövlətlər Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olmasını istəmirlər. Hazırda isə bölgədə vəziyyətə təsir edən amillərdən biri şimal qonşumuzdur. Sülhməramlıların separatçı erməni dəstələrini müşahidə edərək bölgəyə silah daşıdığı videogörüntüləri qeydə alınıb. Bu hazırdakı vəziyyəti daha da gərginləşdirir.
Bunu AZƏRTAC-a hərbi jurnalist, ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş Rusiya kontingenti “sülhməramlı” adı altında başqa fəaliyyətlə məşğuldur: “Azərbaycan öz doğma torpaqlarını işğaldan azad etdiyində və 30 illik Qarabağ məsələsini həll etdiyində Rusiya müdaxiləsi ilə müharibəni dayandırdı. Sülhməramlılar bölgəyə daxil olarkən oradakı qeyri-qanuni erməni silahlılarını oradan çıxartmalı idilər. Lakin üçtərəfli birgə Bəyanatda əksini tapan öhdəliyi və üzərinə düşən vəzifələri Rusiya sülhməramlıları hazırda yerinə yetirmir. Azərbaycan isə bölgədə baş verənlər prosesləri bütün beynəlxalq təşkilatların qarşısında qaldırıb. Təəssüflər olsun ki, həmin prosesə Avropa dövlətləri səssiz qalırlar. Beynəlxalq normalar çərçivəçində qeyri-qanunu erməni terrorçularının Azərbaycan torpaqlarından çıxarılması tələb edilmir. Torpaqlarımız 30 ilə yaxın erməni işğalı altında olarkən BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü məsələnin həlli istiqamətində Ermənistandan heç bir addım atmağı tələb etmədilər”.
Ü.Cəfərov Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətlərinə də toxunaraq deyib ki, qardaş ölkə və Azərbaycan arasındakı əməkdaşlıq bütün sahələrdə davam edir. Türkiyə Cənubi Qafqaz regionunda aparıcı qüvvəyə çevrilir. Bu dövlət Gürcüstan silahlı qüvvələrinin NATO standartlarına uyğun hazırlanması prosesini reallaşdırır. Ermənistan isə qardaş ölkənin bölgədəki fəaliyyətinin artmasını müşahidə edir. Məhz bu səbəbdən Ermənistanın baş naziri Nikol Paşinyan Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimində şəxsən iştirak edib. NATO Türkiyənin hazırda regionda artan gücü səbəbindən onun əhəmiyyətini çox ciddi başa düşür.