SUMQAYITDA SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
Sumqayıt, 1 aprel (AZƏRTAC). Sumqayıt Dövlət Universitetinin iclas salonunda hər il martın 31-də respublikamızda anılan Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar elmi-nəzəri konfrans olmuşdur. Konfrans Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə birlikdə təşkil olunmuşdur. Universitetin vestibülündə gənc sumqayıtlı rəssamların tematik əsərləri nümayiş etdirilmişdir.
Konfrans iştirakçıları ermənilərin tarix boyu törətdikləri vəhşiliklərin qurbanı olmuş azərbaycanlıların xatirəsini anmışlar.
Çıxış edən natiqlər bildirmişlər ki, martın 31-də 1918-ci ilin faciəli mart hadisələrinin növbəti ildönümü qeyd olunur. Bütün xalqımız soyqırımı qurbanlarının xatirəsini anır. Tarixçilərin və ekspertlərin gətirdikləri tarixi faktlara əsasən, həmin gün təkcə Bakıda 12 min dinc sakin qətlə yetirilmişdir. Tədbirdə ümummilli lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın əhəmiyyəti xüsusi vurğulanmışdır.
Sonra Sumqayıt Dövlət Universitetinin müəllimləri “Ermənilərin Azərbaycan torpaqlarına tarixi ərazi iddiaları”, “1918-ci ilin martında Azərbaycanda törədilmiş soyqırımı”, “Qərbi Azərbaycanın etno-tarixi torpaqlarından azərbaycanlıların kütləvi deportasiyası” mövzularda məruzələrlə çıxış etmişlər.
Maraqlı məruzələr təqdim etmiş alimlərin çıxışları slaydların nümayişi ilə müşayiət olunmuşdur. Həmin slaydlarda ermənilərin müxtəlif dövrlərdə törətdikləri vəhşiliklər, qətllər, onların amansızlığı, habelə daşnakların azərbaycanlılara və türklərə qarşı təcavüz siyasəti əyani surətdə əksini tapmışdır.
Qeyd edək ki, martın 31-də Sumqayıtın bütün təhsil müəssisələrində Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş dərslər keçirilmişdir. Tematik tədbirlər şəhərin mədəniyyət müəssisələrində də təşkil edilmişdir.