Sumqayıtda Xocalıdan olan məcburi köçkünlərin ailələri ilə görüş keçirilmişdir
Sumqayıt, 24 fevral (AZƏRTAC). Xocalı faciəsinin 20 illiyi ilə əlaqədar olaraq Sumqayıtda yerləşmiş Xocalıdan olan məcburi köçkünlərin 87 ailəsinin nümayəndələri ilə görüş olmuşdur. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə - keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə erməni cəlladların şəhərin dinc əhalisinə amansızcasına divan tutduqları o dəhşətli gecədə bu xocalılılar möcüzə nəticəsində salamat qalmışlar.
Görüş iştirakçıları Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev görüşü açaraq demişdir: “XX əsrin ən vəhşi cinayətlərindən biri olan Xocalı faciəsindən bizi 20 il ayırır. Həmin gecə etnik mənsubiyyətinə görə insanları kütləvi surətdə qırmışlar. Dinc Xocalı şəhəri bir göz qırpımında yer üzündən silinmişdir”. O qeyd etmişdir ki, Xocalı faciəsi erməni millətçilərinin azərbaycanlılar barəsində iki yüz ildən bəri həyata keçirdikləri genosid və etnik təmizləmə siyasətinin tərkib hissəsi olmuşdur. Elgin Həbibullayev erməni millətçilərin özbaşınalıqları haqqında həqiqətin dünya ictimaiyyətinə çatdırılmasında dahi lider Heydər Əliyevin rolunu xüsusi vurğulamışdır.
Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müavini faciənin günahsız qurbanlarının qohumlarına başsağlığı verərək demişdir ki, Prezident İlham Əliyevin yeritdiyi çevik və uzaqgörən siyasət, ölkədə yaradılmış güclü ordu və Azərbaycan xalqının vətənpərvərliyi Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunacağına inanmağa əsas verir.
Tədbir iştirakçıları və Xocalı soyqırımının canlı şahidləri 20 il bundan əvvəl baş vermiş faciəli hadisələri yada salmışlar. Onlar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın, Azərbaycan diasporunun xaricdə Xocalı faciəsi haqqında həqiqətin dünya ictimaiyyətinə çatdırılmasına yönəldilmiş fəaliyyətindən razı qaldıqlarını bildirmişlər.
23 nömrəli məktəbin şagirdi İbrahim Fərzəliyev Xocalı haqqında mahnılar ifa etmiş, Hüseyn Ərəblinski adına Dövlət Musiqili Dram Teatrının aktyorları isə Xocalı faciəsinə həsr olunmuş tamaşadan parçalar təqdim etmişlər.
Şəhər Cümə məscidinin axundu şəhidlərin və günahsız qurbanların ruhuna dualar oxumuşdur.
Sonra şəhərin İcra Hakimiyyəti adından ehsan verilmişdir.