Şuşa istiqamətində yaralanan qazi “YAŞAT” Fondunun dəstəyi ilə 17 ay Türkiyədə müalicə alıb
Bakı, 19 yanvar, AZƏRTAC
Vətən müharibəsində ağır yaralanan qazi Şəmsi Məmmədovun müalicə xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
2014-cü ildən Azərbaycan Ordusunda, 2015-ci ildən isə Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət edən Şəmsi Məmmədovun ilk sınağı Aprel döyüşləri olub: “2016-cı il Aprel döyüşləri gənc yaşlarıma təsadüf etdiyindən o zamanlarda gördüyüm ən irimiqyaslı hərbi əməliyyat idi. Həmin vaxt biz düşmənə layiqli cavab verdik”.
Ş.Məmmədov üçün əsl sınaq dörd il sonra Vətən müharibəsində başlayır. O, həmin günləri belə xatırlayır: “2020-ci ilin sentyabrında Ermənistanın başlatdığı genişmiqyaslı təxribatlara cavab olaraq Ali Baş Komandandan hücuma keçmək barədə əmr aldıq. Vətən müharibəsi dövründə Kəlbəcər, Xocavənd, Cəbrayıl və Şuşa istiqamətlərində aparılan hərbi əməliyyatlarda iştirak etdim. Oktyabrın 23-dən 24-nə keçən gecə Şuşa əməliyyatı başlamışdı. Həmin gün bizim qrup Şuşaya tərəf irəliləmək əmri almışdı. Düşmən ordusunun bölmələri Şuşa ətrafındakı meşələrdə qrup halında gizlənmişdi. Bilirdilər ki, Şuşaya gedən yollardan biri bizim olduğumuz istiqamətdir. Xocalı rayonunun Çanaqçı kəndi istiqamətində torpaq yollarla irəliləyirdik. Təxminən 100-130 kvadratmetr ərazi daxilində düşmənlə təmasımız başladı. Silahların ağzından çıxan alov düşmənin üzərinə fənər kimi vururdu. Bizə yan tərəfdən də atəş açılmağa başladı. Sol tərəfimdən atılan güllə çanaq və bağırsaq nahiyəmi parçalayıb keçdi. Ağır yaralanmışdım, sağ qalmağıma ümidim yox idi. Hazırda qazi olan döyüş yoldaşım Həsən Quliyevin səsini eşitdim. Sevindim ki, şəhid olsam, nəşimi ailəmə göndərə biləcəklər.
Səhər açılanda günəşin işıqları gözümə vurdu. Cənnətdə olduğumu düşündüm. Sonra ətrafımdakı səsləri eşitdim, insanları sezdim. Məni ilkin tibbi yardım məntəqəsinə çatdırmışdılar. Oktyabrın 24-ü axşam Bakıya gətirildim. Həkimlərin düzgün və vaxtında müdaxiləsi nəticəsində həyatım xilas edildi. Lakin özümə gələndə ayaqlarımı hiss etmədiyimi gördüm. Mənim üçün əsl müharibə bundan sonra başladı. Sonra “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyəyə göndərildim. On yeddi ay Fondun dəstəyi ilə Türkiyədə müalicə aldım. Qardaş ölkədə ən yaxşı xəstəxanalarda mənim və digər qazilərin müalicəsi təmin olundu. Fondun dəstəyi bu gün də davam edir. Ölkə daxilində müalicə və müayinələrimiz aparılır. Çox şadam ki, həyatdayam, ailəmin, övladlarımın yanındayam. Vətən müharibəsində iştirak etdiyimə görə qürur duyur, qalib ordunun əsgəri olduğum üçün fəxr edirəm”.
Qeyd edək ki, Fondun hesabatları və xərclənən vəsaitlərlə bağlı ətraflı məlumatı yashat.gov.az rəsmi internet saytının “Hesabatlar” (https://yashat.gov.az/report/tableau) bölməsindən əldə edə bilərsiniz.