Talış gözəlinin şərəfinə tikilən Xan sarayı
Lənkəran, 30 iyun, Bağır Əliyev, AZƏRTAC
Lənkərandakı Xan sarayı 1913-cü ildə xan nəslindən olan Mir Əhməd xanın sifarişi ilə Avropadan dəvət olunmuş memarlar tərəfindən inşa edilib. Burada işlədilən bütün tikinti materialları Bakıdan gəmi ilə gətirilib. Bu möhtəşəm bina Lənkəranda ilk çoxmərtəbəli tikilidir. Binanın fasadı mifoloji fiqurlarla bəzədilib. Binada hələ inqilabdan əvvəl ilk dəfə elektrik işıqlandırma və istilik sistemi var idi.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkərana gələn qonaqların və turistlərin ziyarət məkanına çevrilmiş Xan sarayı şəhərin mərkəzində, “Dostluq” parkı ilə üzbəüz ərazidə yerləşir. Hazırda bu möhtəşəm binada Lənkəran Rayon Tarix Diyarşünaslıq Muzeyi yerləşir.
Lənkəran xanlarının sonuncusu olan Mir Əhməd xan Talışinskinin Tiflis şəhərində keçirilən gözəllik müsabiqəsində “Qafqaz gözəli” seçilən həyat yoldaşı Tuğra xanımın şərəfinə tikdirdiyi saray dünya arxitekturasının nadir incilərindəndir. Adı bilinməyən fransalı memarın layihəsi əsasında inşa edilən bu tarixi abidənin tikintisində milli memarlıq elementlərindən bacarıqla istifadə olunub. Sarayın fasadları əlvan naxışlarla zəngindir. Binanın tikintisində qoyun yunu və yumurta sarısından istifadə edilib.
Binanın şimal və qərb fasadlarına kərpic və yonulmuş ağ daş işlənib, Şərq və Cənub fasadları isə yalnız kərpicdən hörülüb. Sarayın giriş hissəsi ağ daşdandır. Şimal-Qərb fasadının birinci mərtəbəsinin küncündən bir sütun qalxır. Sütunun üstündən ikinci mərtəbə üçün ekker (bucaq qurmaq üçün vasitə) tikilib. Ekker dörd dəmir günbəzlə örtülüb.
Xan sarayının tikintisində həm Qərb, həm də Şərq memarlıq elementlərindən məharətlə istifadə edilib. Bu isə binaya xüsusi orijinallıq və gözəllik verir. Binanın birinci mərtəbəsində Mir Əhməd xanın qəbul və qonaq otaqları, ikinci mərtəbəsində Tuğra xanımın otaqları, üçüncü mərtəbədə isə keşikçilərin gözləmə otağı və silah anbarı olub.
Xanın evi Lənkəranda həm də ilk elektrik enerjisi ilə təmin olunan tikilidir. 1908-1910-cu illərdə binanın inşası davam etdirilərkən burada daimi cərəyanla işləyən kiçik elektrik qurğusu olub. Bunun vasitəsi ilə hətta ətrafdakı yaşayış evləri də enerjidən istifadə edə bilirdi.
Mir Əhməd xanın və Tuğra xanımın övladı olmayıb. 1916-cı ildə Mir Əhməd xan Fransaya səfərlərinin birində vəfat edir. O, Lənkəranda dəfn edilir.
Sovet hakimiyyəti illərində ev dövlət tərəfindən müsadirə edilib və xanın həyat yoldaşı Tuğra xanım evdən çıxarılaraq təqib olunub. Bakıya köçən Tuğra xanım çətin günlər yaşayıb. Hətta dolanışıq üçün xadimə kimi işləyib. Talış gözəli bir daha Lənkərana qayıda bilməyib...
SSRİ dövründə Xan sarayında şəhər soveti yerləşdirilib. Tuğra xanımın cehizi olan 7 daşlı Venesiya güzgülərindən 6-sı yoxa çıxıb. Müstəqillik illərində onlardan üçü Xan sarayına qaytarılıb. Fransadan gətirilən çilçıraq indi də durur.
1978-ci ildə Rayon Tarix-Diyarşünaslıq Muzeyi Xan sarayına köçürülüb. Muzeydə Lənkəranın qədim tarixini, mədəniyyətini, milli-mənəvi dəyərlərini və bu gününü əks etdirən 6255 ədəd eksponat nümayiş olunur.
Burada etnoqrafiya, arxeologiya, xalq tətbiqi sənəti və numizmatikanı əks etdirən nümunələr, Lənkəranın görkəmli şəxsiyyətlərinin şəxsi sənədləri və digər eksponatlar toplanıb. Muzeyin ən qədim eksponatı Neolit dövrünə aid əşyalardır. Qədim dövrlərdə soyuducu kimi istifadə olunan küplər, e.ə. II minilliyə aid qum-quma, əl dəyirmanı, ding, qədim çantalar, Talış mədəniyyətinə aid müxtəlif məişət əşyaları var.