Tanışını bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən şəxslə bağlı cinayət işinin istintaqı yekunlaşdırılıb
Bakı, 17 iyun, AZƏRTAC
Fevralın 15-də paytaxtın Xətai rayonu ərazisində İsmayıl Xankərimovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Xətai Rayon Prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqla zərərçəkmişin tanışı Famil İsmayılovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı İsmayıl Xankərimovu mətbəx bıçağı ilə vuraraq qəsdən öldürdüyü müəyyən olunub.
Famil İsmayılov Cinayət Məcəlləsinin 120.1-ci (adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.