Tanrıverdi Mustafayev: “Azərişıq” sosial izolyasiyada qalan vətəndaşlarımıza dəstək verməyə daim hazırdır
Bakı, 28 mart, AZƏRTAC
“Azərişıq” ASC dövlətimizin başçısının və Operativ Qərargahın tapşırıq və qərarlarını rəhbər tutaraq sosial izolyasiyada qalan vətəndaşlarımıza dəstək verməyə daim hazırdır.
Bunu son günlər “Azərişıq” ASC-nin əməkdaşlarının vətəndaşlara yardım etməsi ilə bağlı sosial mediada yayılan görüntüləri şərh edən qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev AZƏRTAC-a açıqlamasında deyib.
Təmsil etdiyi qurumun bu günlərdə gücləndirilmiş iş rejimində çalışdığını vurğulayan T.Mustafayev deyib: “Bildiyiniz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanların da evdən çıxması qadağan edilib. Bu səbəbdən müxtəlif qurumlar həmin yaş qrupundan olan vətəndaşlarımız üçün sosial xidmətlər həyata keçirir. Vətəndaşlarımızın sağlamlığına önəm verən “Azərişıq” olaraq biz də bu təşəbbüsdən kənarda qala bilməzdik. Ona görə də hazırda gücləndirilmiş iş rejimində çalışırıq ki, insanlarımızın artan tələbatını qarşılayaq”.
“Azərişıq” rəsmisi son günlər edilən müraciətlərin bir çoxunun qurumun fəaliyyəti ilə bağlı olmadığını da açıqlayaraq vurğulayıb: “Son günlər vətəndaşlarımızın müraciətləri artıb. Bəzən də bu, bizim fəaliyyətimizə aid olmayan məsələlərlə bağlı olur. Son günlər yayılan görüntülərdə də bunun şahidi olmaq mümkündür. Bəzi müraciətlər vətəndaşların mənzildaxili elektrik enerjisi təchizatı ilə bağlıdır ki, bunlar da “Azərişıq”ın görməli olduğu işlərə aid olmasa da biz insanlarımızı anlayıb onlara dəstək oluruq. Biz onların evdə qalması üçün çalışırıq. Ona görə də istehlakçılarımıza tövsiyə edirik ki, sağlamlıqlarını qorumaq üçün aidiyyəti qurumların #evdəqal tələbinə əməl etsinlər və zərurət olmadıqda bayıra çıxmasınlar”.
Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə “Azərişıq” əməkdaşının evdən çıxa bilməyən Sumqayıt şəhərinin yaşlı sakininə kommunal xidmətlərin haqqını ödəməkdə yardım etməsi ilə bağlı videogörüntülər yayılıb. Videoda vətəndaş bu yardıma görə, “Azərişıq” əməkdaşına təşəkkür edir.