Tarix Muzeyinin arxeoloji kolleksiyasına Çaylı tapıntıları daxil edilib
Bakı, 22 iyun, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin (MATM) arxeoloji kolleksiyasına Qazax rayonunun Çaylı kəndində aparılan inşaat işləri zamanı təsadüf nəticəsində tapılmış 7 ədəd əşya daxil edilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, Xocalı-Gədəbəy mədəniyyətinə aid olan həmin əşyalar 3 ədəd saxsı qabdan, 2 ədəd tunc bilərzikdən, bir ədəd tunc üzükdən və diskşəkilli asma bəzəkdən ibarətdir. Həmin tapıntılar təmsil etdikləri bölgənin qədim tarixinə və zəngin mədəniyyətinə aid qiymətli əşyavi mənbələrdir.
Bu tapıntılar eramızdan əvvəl II minilliyin sonu - I minilliyin əvvəllərində insanların məşğuliyyəti və məişəti, o cümlədən dulusçuluğu və metalişləmə sənəti haqqında müəyyən təsəvvürlər formalaşdırır.