Tbilisidə “Heydər Əliyev-100” adlı kitab gürcü dilində nəşr olunub
Tbilisi, 4 may, AZƏRTAC
“Heydər Əliyev-100” adlı kitab Tbilisidə gürcü dilində nəşr olunub.
AZƏRTAC xəbər verir ki, Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş kitab Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzinin layihəsi çərçivəsində işıq üzü görüb.
Ulu Öndər Heydər Əliyevin “Gürcüstan və Azərbaycan xalqlarının dostluğu dünyaya nümunədir” fikri ilə başlayan nəşrdə, eyni zamanda, Ümummilli Liderin Tbilisidə Azərbaycan dilində dərc olunan “Gürcüstan” qəzetinin oxucularına müraciəti də əksini tapıb.
Kitabda Ulu Öndərin həyat və fəaliyyəti, Azərbaycan ilə Gürcüstan arasındakı dostluq, qardaşlıq münasibətlərinin inkişafındakı rolu, onun təşəbbüsü və fədakar əməyi nəticəsində həyata keçirilən neft strategiyası, “Əsrin müqaviləsi”nin imzalanması, eləcə də irimiqyaslı enerji və nəqliyyat layihələrinin Gürcüstandan keçməsindəki xidmətləri barədə oxuculara ətraflı məlumat verilir.
Nəşrdə Ümummilli Liderin həyat və fəaliyyətinə dair AZƏRTAC-ın fotomüxbirləri tərəfindən çəkilmiş çoxsaylı fotolar da yer alıb.
Kitab elmi araşdırmaçılar üçün sanballı mənbədir.
Bu elmi əsərin Gürcüstanın ali təhsil ocaqlarına və kitabxanalara verilməsi nəzərdə tutulub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi