Tbilisidə Ulu Öndərin 100 illik yubileyi münasibətilə Heydər Əliyev adına xatirə bağı salınıb
Tbilisi, 10 may, AZƏRTAC
Dünyaşöhrətli siyasi xadim, müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Gürcüstan paytaxtında ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiya çərçivəsində Tbilisidəki Botanika bağında Heydər Əliyev adına xatirə bağı salınıb.
Aksiyada Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Türkiyənin Tbilisidəki səfiri Ali Kaan Orbay, Macarıstan səfiri Ana Maria Şiko, səfirliklərin əməkdaşları, Gürcüstan parlamentinin sədr müavini Arçil Talakvadze, deputat Zaur Darğallı, dövlət və hökumət üzvləri, “SOCAR Energy Georgia” şirkətinin əməkdaşları, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin rəhbəri Nəriman Qurbanov, birliyə üzv olan şirkətlərin rəhbərləri, “Alyans Gənclər Mərkəzinin”, M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Mərkəzinin rəhbərliyi, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Heydər Əliyev adına xatirə bağında Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar 100 ədəd nar ağacı əkilib. Ağaclar Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasından alınıb.
Aksiyada iştirak edən Gürcüstan parlamentinin deputatları, Tbilisi şəhər meriyasının və Botanika bağının rəhbərliyi və əməkdaşları aksiyanın təşkilinə görə Azərbaycan dövlətinə və səfirliyə minnətdarlıq ediblər.
Bildirilib ki, Heydər Əliyev istər sovetlər dövründə, istərsə də müstəqillik illərində Gürcüstana daim diqqət və qayğı göstərib. Bu gün regionda həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələrinin Gürcüstandan keçməsi də məhz tarixi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Tbilisinin mərkəzində belə bir aksiyanın keçirilməsi, 100 ağacın əkilməsi yenə də fenomen şəxsiyyətin gürcü xalqına hörmətinin bariz nümunəsi kimi qiymətləndirilib.
Qeyd olunub ki, gürcü xalqı dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini daim ehtiramla yad edir. Onun xatirəsi qəlblərdə əbədi yaşayacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi