TƏBİB-in rəsmisi: Azərbaycanda hematologiya ixtisasının inkişafı üçün bütün zəruri xidmətlər həyata keçirilir
Bakı, 21 noyabr, AZƏRTAC
Hematologiya xidməti Azərbaycanda dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Eyni zamanda, İcbari Tibbi Xidmətlər Zərfi çərçivəsində də xidmətlər təqdim olunur. Regionlarda hematoloji xidmətlərə əlçatanlılığın artırılması üçün hematoloji qan kabinetlərinin qurulması, infrastrukturun yenilənməsi, ixtisaslı kadrların hazırlanması və onların peşəkar inkişafına göstərilən dəstək də bu xidmətin inkişafına yönəlib.
AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Tibbi fəaliyyətin təşkili departamentinin rəhbəri Teymur Mirzəbəyli Azərbaycan Beynəlxalq Hematologiya Mütəxəssisləri Konqresində çıxış edərkən deyib.
O qeyd edib ki, hematoloji xəstəliklərdə erkən diaqnostika və müalicənin əlçatanlılığını təmin etmək üçün laboratoriyalar ən yüksək texnoloji cihazlarla təmin olunur, Azərbaycanda hematologiya ixtisasının inkişafı üçün bütün zəruri xidmətlər həyata keçirilir.