Təbrizdə 20 Yanvar şəhidlərinin əziz xatirəsi anılmışdır
Təbriz, 19 noyabr (AZƏRTAC). Azərbaycanın Təbrizdəki baş konsulluğunda 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Mərasimdə Türkiyənin Təbrizdəki baş konsulluğunun əməkdaşları, Təbrizdə yaşayan Azərbaycan Respublikasının vətəndaşları və şəhər ictimaiyyətinin tanınmış nümayəndələri iştirak etmişlər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, “Qurani-Kərim”dən surə oxunmuş, 20 Yanvar hadisələrinin dəhşətlərini əks etdirən sənədli fotolar və kitablar nümayiş olunmuşdur. Şirkət və müəssisələrdən əklillər, gül çələngləri gətirilmişdir.
Mərasimdə çıxış edən baş konsul Əli Əlizadə xalqımızın mübarizə tarixində ən qanlı səhifələrdən olan 20 Yanvar faciəsinin səbəb və nəticələrindən bəhs etmişdir. Keçmiş SSRİ-nin süqutu ərəfəsində respublikamıza rəhbərlik edən şəxslərin xalqımızın azadlıq arzularına qarşı çıxdıqlarını diqqətə çatdıran baş konsul demişdir ki, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın Moskvada yerləşən daimi nümayəndəliyinə gələrək xalqımıza qarşı törədilən hərbi cinayətə kəskin etirazını bildirmiş, günahkarların cəzalandırılmasını tələb etmiş, Azərbaycan xalqına başsağlığı vermişdir. Bildirmişdir ki, sonrakı illərdə 20 Yanvar faciəsini törədənlər, bu qanlı cinayətin baş verməsində günahkar olanlar cəzalandırılmamış, hadisəyə hüquqi-siyasi qiymət verilməmişdir. Yalnız ulu öndər Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsini törədənlərin adları rəsmi şəkildə açıqlanmış, hadisə öz hüquqi-siyasi qiymətini almışdır.
Mərasimdə “Azadlığa gedən yol” filmi nümayiş etdirilmiş, şəhidlərimizə həsr olunmuş şeirlər baş konsulluğun əməkdaşlarının övladları tərəfindən əzbər söylənilmiş, şəhidlərin xatirəsinə ehsan verilmişdir. Birinci sinif şagirdi Məhəmməd Əsgərovun söylədiyi “Ağla, qərənfil, ağla” şeiri göz yaşları ilə qarşılanmışdır.
Xalqımıza qarşı davam edən erməni təcavüzündən və 20 Yanvar faciəsindən bəhs olunan “Azadlığa gedən yol” adlı ekran əsərinin baş konsulluq tərəfindən Azərbaycan və fars dillərində, DVD formatında hazırlanmış sürəti ölkəmizlə bağlı həqiqətlərə dair yazılı materiallarla birgə mərasim iştirakçılarına paylanmışdır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Təbriz
######
