“Technest” Təqaüd Proqramının məzunları yerli əmək bazarında tələbatı ödəyə bilirlər
Bakı, 5 sentyabr, AZƏRTAC
“Technest” Təqaüd Proqramının məzunları həm beynəlxalq, həm də yerli əmək bazarında tələbatı ödəyə bilirlər.
AZƏRTAC xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Rəqəmsal Səriştələrin İdarə edilməsi Departamentinin və “Technest” Təqaüd Proqramının rəhbəri Fatimə Ələkbərova müsahibəsində deyib.
İRİA-nın üzərinə düşən öhdəliklərdən danışan Fatimə Ələkbərova İKT sektorunda hədəflərdən bəhs edib: “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin 2022-ci il oktyabrın 21-də Prezident İlham Əliyevin Fərmanı ilə İRİA-nın Nizamnaməsi təsdiq olundu. Bu Nizamnamədə İKT üzrə kadr hazırlığının, o cümlədən bu istiqamətdə inkişafla bağlı bir sıra nüanslar qeyd olunub - İKT sahəsi üzrə kadrların hazırlığı, onların əmək bazarına görə inkişafına dəstək olmaq, həmçinin yerli və beynəlxalq təcrübənin öyrənilməsi, innovativ metodların təhsil sistemində İKT sektoru üzrə ölkəyə cəlb olunması və ən əsası İT-nin gündən-günə yenilənən müxtəlif proqramları üzrə təhsil metodlarının tətbiq olunması. Bu istiqamətdə İRİA olaraq fəaliyyətimizi planlayırıq və hədəflərimizi müəyyənləşdiririk”, - deyə F.Ələkbərova qeyd edib.
F.Ələkbərova “Technest” Təqaüd Proqramının layihələri barədə də məlumat verib: “Technest” Təqaüd Proqramı 2021-ci ildən fəaliyyətə başlayıb. Məqsədi ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sektoru üzrə kadrların inkişafı, o cümlədən rəqabətə davamlı kadrların yetişdirilməsinə dəstək olmaqdır. “Technest” Təqaüd Proqramı çərçivəsində yerli və beynəlxalq təşkilatlarla bu istiqamətdə təhsil mərkəzləri ilə əməkdaşlıq edirik, o cümlədən təqaüd proqramı çərçivəsində ölkədə mövcud olan əmək bazarının araşdırmasını aparırıq və hansı sahədə tələbat və ehtiyac olduğunu müəyyənləşdiririk. Ona uyğun olaraq biz proqramların, ehtiyac meyarlarını müəyyənləşdirib, o istiqamətdə layihələr həyata keçiririk. Bu gün əminliklə demək olar ki, “Technest” Təqaüd Proqramının məzunları həm beynəlxalq, həm də yerli əmək bazarında müəyyən bir qisimdə tələbatı ödəyə bilirlər”.
Gənclərin İT sahəsində mütəxəssis kimi yetişməsi və onların intensiv təhsili üçün təqaüd təqdim edən “Technest” yarandığı gündən bu sahədə peşəkar kadr siyasətini həyata keçirir. Hər kəs üçün əlçatan təhsil imkanı yaradan proqramdan 12 yaşdan yuxarı Azərbaycan vətəndaşları faydalana bilər. “Technest” fəaliyyətinin ikinci ilində təqaüdçü sayını 3000 nəfərə çatdırmağı hədəfləyir.
F.Ələkbərova qeyd edib ki, ötən il Azərbaycan Kibertəhlükəszilik Mərkəzinə müraciət etmiş 2300 şəxsdən 60 nəfər bütün seçim mərhələlərini uğurla tamamlayaraq kibertəhlükəsizlik sahəsində təlim hüququ əldə edib. Tələbələr müdafiə (Blue Team) və hücum (Red Team) qruplarında müvafiq istiqamətlər üzrə təlim keçərək kibertəhlükəsizlik sahəsində ən qabaqcıl strategiyalar, texnologiyalar və yeniliklər barəsində praktiki biliklərə yiyələniblər. Kibertəhlükəsizlik Mərkəzinin 60 məzunundan artıq 40 faizi işlə təmin olunub. Bunu da növbəti uğur kimi qeyd etmək olar.