Tədqiqatçılar və tələbələr üçün vacib kitab
Bakı, 13 yanvar, AZƏRTAC
Kazan Dövlət Universitetinin məzunu, kimya üzrə fəlsəfə doktoru, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçi, “Spektral analiz qrupunun” rəhbəri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Mirheydər Abbasovun “İnfraqırmızı spektroskopiyanın üzvi və qeyri-üzvi birləşmələrə tətbiqi” çoxcildli kitabın IV cildi çapdan çıxıb. Kitabın baş redaktoru kimya elmləri doktoru, akademik Dilqəm Tağıyev, rəyçiləri professorlar Mina Munşiyeva, Əli Zalov və Qəhrəman Həsənlidir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Pedaqoji Universitetin Analitik və üzvi kimya kafedrasının müdiri kimya elmləri doktoru, professor Əli Zalov məlumat verib. O bildirib ki, geniş oxucu auditoriyası qazanan bu kitabın əvvəlki cildləri Moskvada “RuSCIENSE” nəşriyyatında çapdan çıxıb. Kitabın IV cildində üzvi birləşmələrin müxtəlif siniflərini (azobirləşmələr, hidrazinlər, hidrazidlər, kükürdlü üzvi birləşmələr, kumarinlər, izotop əvəzlənmiş birləşmələr, sadə və mürəkkəb efirlər, nitrobirləşmələr, üzvi nitratlar və nitritlət) əhatə edən 316 kimyəvi birləşmələrin infraqırmızı spektrlərinin geniş analizi verilib.
“Kitab kimya, fizika, biologiya və geologiya ixtisaslarında çalışan elmi işçilər, müəllimlər, doktorantlar və tələbələr üçün çox dəyərli mənbədir”, - deyə Ə.Zalov bildirib.