Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun laboratoriyası akkreditasiyadan keçib
Bakı, 29 avqust, AZƏRTAC
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun “Funksional analizlər” laboratoriyası sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətlərinə dair ümumi tələblər standartına uyğun akkreditasiyadan keçib. Laboratoriya sınaq fəaliyyətinin həyata keçirilməsi üçün AZS İSO/İEC 17025 :2020 standartına uyğun akkreditasiya attestatı alıb.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildirilib ki, institutun laboratoriyası müvafiq akkreditasiyadan keçməklə gübrə, pestisid, torpaq, su, bitki, meyvə, tərəvəz, toxum sahələri əsasında uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olmaq hüququ qazanıb.
Qeyd edilib ki, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun laboratoriyalarında ən müasir cihaz və avadanlıqlar quraşdırılıb. Bu avadanlıqlar torpaq, su, pestisid, virus, azot-protein, nişasta və bir sıra digər analizlərin həyata keçirilməsinə imkan verir. Burada, həmçinin virussuz kartof toxumçuluğunun müasir səviyyədə təşkili üçün biotexnologiya laboratoriyası da qurulub. İnstitut Dünya Tərəvəzçilik Mərkəzi ( AGRDC, Tayvan), Beynəlxalq Kartofçuluq Mərkəzi (CİP, Peru), Belarus Genetika və Sitologiya İnstitutu, Ümumrusiya Elmi-Tədqiqat Seleksiya və Toxumçuluq İnstitutu (VNİSSOK), Hubey Bio-Texnologiya Peşə Kolleci və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.