Tərtərdə gənclərin vətənpərvərlik düşərgəsi fəaliyyətə başlayıb
Tərtər, 7 iyul, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində “Səfəvi” gənclərin vətənpərvərlik düşərgəsi fəaliyyətə başlayıb. Düşərgənin təşkil olunmasında məqsəd gənclərin milli və vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Düşərgədə 60 gənc istirahət edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, düşərgədə istirahət edən gənclərlə görüşən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov onlara Tərtər rayonu, onun infrastrukturu, inkişaf proqramı, 44 günlük Vətən müharibəsində ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində rayonun infrastrukturuna, mülki vətəndaşlara dəymiş ziyan barədə məlumat verib. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində Tərtər şəhərinə və yaşayış məntəqələrinə 16 min 277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Nəticədə rayonun infrastrukturuna, 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil müəssisəsinə, 10 tibb müəssisəsinə, 7 mədəniyyət müəssisəsinə, məscid və inzibati binalara, 83 çoxmərtəbəli yaşayış və 5344 fərdi yaşayış evinə, 95 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına ziyan dəyib.
M.Məmmədov 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı rayonda keçirilən və keçiriləcək tədbirlər barədə də danışıb.
Gənclər Tərtər şəhərinin mərkəzi meydanında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər. Sonra Vətən müharibəsi zamanı ermənilərin Tərtərə atdığı qadağan olunmuş raketlərin qalıqlarına, Şıxarx qəsəbəsində şəhidlərin xatirəsinə salınmış “Vətən bağı”na, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə Şıxarx qəsəbəsində özləri tərəfindən ucaldılmış “Marağa 150” abidəsinin qalıqlarına baxıblar. Dövlət Rəmzləri muzeyində və Vətən müharibəsində ermənilər tərəfindən atılmış qadağan olunmuş “Smerç” raketi nəticəsində dağılmış Sahib İsmayılova məxsus ev muzeyində olublar.