TƏRTƏRDƏ KEÇİRİLMİŞ “DƏYİRMİ MASA”DA ERMƏNİ CİNAYƏTLƏRİNDƏN SÖZ AÇILMIŞDIR
Tərtər, 31 mart (AZƏRTAC). YAP Tərtər rayon təşkilatında 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “dəyirmi masa” keçirilmişdir.
Rayon ziyalılarının iştirakı ilə keçirilən tədbirdə ermənilər tərəfindən müxtəlif dövrlərdə soyqırımına məruz qalmış azərbaycanlıların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
YAP rayon təşkilatının sədri Ramiz Şabanov bildirmişdir ki, əsrlər boyu erməni təcavüzkarları Azərbaycanın qədim torpaqlarında “böyük Ermənistan” dövləti yaratmaq xülyasında olmuş və bu ideyanı həyata keçirmək üçün ən iyrənc üsullara əl atmış, bəşəriyyət tarixində bənzəri olmayan vəhşiliklər törətmişlər. Qeyd olunmuşdur ki, XX əsrin əvvəllərində azərbaycanlılara qarşı genişmiqyaslı qanlı aksiyalar həyata keçirən erməni daşnakları 1918-ci ilin martında Bakı, Şamaxı, Quba, Lənkəran, Qarabağ, Naxçıvan, İrəvan və digər bölgələrdə kütləvi qırğınlar törətmiş, on minlərlə soydaşımızı qətlə yetirmişlər.
Natiq bildirmişdir ki, xalqımıza qarşı etnik təmizləmə siyasəti 1948-53-cü və 1988-93-cü illərdə də davam etdirilmiş, təcavüzkar ermənilərin apardıqları işğalçılıq müharibəsi nəticəsində torpaqlarımızın 20 faizi zəbt edilmiş, 20 minədək azərbaycanlı şəhid olmuş, bir milyona yaxın həmvətənimiz doğma torpaqlarından qovulmuşdur.
1948-1953-cü illərdə Ermənistandan deportasiya olunmuş Bəyimsarov kənd sakinləri Bəhmən Bayramov, Sayəddin Musayev, Bayandur kənd orta məktəbinin direktoru Natella İbrahimova çıxış edərək ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlərdən danışmış, deportasiya ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşlər.