Təsdiqlənmiş kvotadan ümumi istifadə cari ilin 10 ayında 85,2 faiz təşkil edib
Bakı, 26 noyabr, Nailə Həsənova, AZƏRTAC
Növbəti il üçün əmək miqrasiyası kvotasının həcmi müəyyən olunarkən əmək bazarında cari ildə baş verən dəyişikliklər, habelə növbəti illərdə həm demoqrafik, həm təhsil sisteminin əmək bazarına təsiri ətraflı təhlil olunub. Bu baxımdan 2026-cı il üçün əmək miqrasiyası kvotasına dair təkliflər tikinti, mədənçıxarma, remal, elektrik enerjisi, təhsil, yaşayışın təşkili və s. kimi prioritet iqtisadi fəaliyyət sahələrində ixtisaslı xarici işçi qüvvəsinə yaranacaq tələblər nəzərə alınaraq hazırlanıb.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
“2025-ci il üçün təsdiq edilmiş kvotadan ümumi istifadə cari ilin 10 ayının nəticələrinə əsasən 85,2 faiz təşkil edir, bir sıra iqtisadi fəaliyyət növləri üzrə, xüsusilə bərpaolunan enerji sahələrinə yatırılan investisiyalarla əlaqədar həmin sahələr üzrə təsdiq olunmuş kvota demək olar ki, tam istifadə olunub”, - deyə qeyd olunub.