Texnologiya Universiteti və “Huawei Technologies Azerbaijan” şirkəti əməkdaşlıq edəcək
Gəncə, 4 avqust, E. Məmmədov, AZƏRTAC
Azərbaycan Texnologiya Universiteti (ATU), İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və “Huawei Technologies Azerbaijan” şirkəti arasında üçtərəfli görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan Texnologiya Universitetində baş tutan görüşdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyini departament rəhbərləri Fatimə Ələkbərova, Loukas Tzitzis, layihə rəhbəri Gülnar Mirhüseynova, kommunikasiya və tədbirlər üzrə menecer Aygün Məmmədli, “Huawei Technologies Azerbaijan” şirkətini isə ictimaiyyətlə əlaqələr üzrə menecer Kang Jia və insan resursları üzrə aparıcı mütəxəssis Veronika İbrahimova təmsil edib.
Görüşdə birgə əməkdaşlıq məsələlərinin mövcud vəziyyəti və görüləcək işlər müzakirə edilib, ATU-da qurulacaq laboratoriya haqqında danışılıb.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə baş tutan görüşün sonunda “Huawei” şirkəti ilə ATU arasında əməkdaşlıq memorandumu imzalanıb.
Sənədi ATU-nun rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov və “Huawei Technologies Azerbaijan” şirkətinin ictimaiyyətlə əlaqələr üzrə meneceri Kang Jia imzalayıb.
Memorandumda Rəqəmsal Bilik və İKT Bacarıqları Proqramının hazırlanması istiqamətində birgə görüləcək işlər, ATU-nun “Huawei” İKT Akademiyasının üzvü olması, İKT sahəsində əmək bazarının tələblərinə uyğun kadrların yetişdirilməsi kimi məsəllər öz əksini tapıb.