“Togg" qısa zamanda Türkiyənin avtomobil sənayesini bütün dünyaya tanıdacaq – Siyasi şərhçi
Bakı, 8 aprel, AZƏRTAC
Türkiyənin ilk yerli elektromobili “Togg”un ikincisinin Prezident İlham Əliyevə təqdim edilməsi rəmzi xarakter daşıyır və Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin daha bir parlaq nümunəsidir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı deyib.
Son illərdə həm müdafiə sənayesində, həm də mülki sənayedə ciddi nailiyyətlərə imza atan Türkiyənin “Togg”un istehsalı ilə növbəti tarixi uğur əldə etdiyini vurğulayan siyasi şərhçi deyib: "Cari ilin mart ayının əvvəlindən istehsalına başlanılan bu avtomobilin "T10X" modeli üçün ilk saatlardan 22 min 150 sifariş qəbul olunub. Müəssisədə ilkin olaraq ildə 175 min ədəd elektromobil istehsal olunması nəzərdə tutulub. Bu isə 4300 nəfərin işlə təmin olunması deməkdir. 2030-cu ilə qədər isə illik istehsal gücü bir milyon ədədi keçəcək. İlkin müşahidələr onu göstərir ki, "Togg" qısa zaman ərzində Türkiyənin avtomobil sənayesini bütün dünyaya tanıdacaq markaya çevriləcək. Təsadüfi deyil ki, bu avtomobilin istehsalı qardaş ölkənin 60 illik xəyalının reallaşması kimi qiymətləndirilir".
F.Şahbazlı bildirib ki, Azərbaycanla Türkiyə bütün sahələrdə olduğu kimi, iqtisadi əməkdaşlıq sferasında da dərin əlaqələrə malikdir: “Statistika göstərir ki, iki qardaş ölkə arasında ticarət dövriyyəsi ötən il 6 milyard dollaradək yüksəlib. Bu baxımdan Türkiyənin ilk yerli elektromobili “Togg”un istehsalı Azərbaycan iqtisadiyyatı üçün də yeni fürsətlər vəd edir. Bir sıra sektorlarda birgə hərəkət edən Azərbaycan və Türkiyə gələcəkdə avtomobil istehsalı sahəsində də birgə layihələr icra edə bilər. Qardaş ölkənin bu sahədə artan təcrübəsi Azərbaycan sənayesi üçün də yeni imkanlar deməkdir.