Tokioda Yaponiya və Koreya Respublikasının xarici işlər nazirlərinin görüşü keçirilib
Tokio, 19 dekabr, AZƏRTAC
Dekabrın 19-da Tokioda Yaponiya və Koreya Respublikasının xarici işlər nazirlərinin görüşündə ikitərəfli münasibətlər və Şimali Koreya məsələsi müzakirə edilib.
Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbirinə verilən məlumata görə, bu, Koreya Respublikası xarici işlər naziri Kan Qyon Xvanın yeni vəzifəsinin icrasına başladıqdan sonra bu ölkəyə ilk səfəridir.
Yaponiya XİN-nin başçısı Taro Kano Cənubi koreyalı həmkarına və Koreya Respublikasının Prezidenti Mun-çje İnə müraciət edərək 2015-ci ildə iki ölkə arasında imzalanmış müqavilənin şərtlərinə tam əməl etməyə çağırıb. Yapon nazir bildirib ki, ikitərəfli əlaqələrin inkişafı üçün həmin müqavilə həyata keçirilməlidir.
K.Q.Xvan bildirib ki, hökumətin həmin müqavilənin imzalanması prosesini araşdıran işçi qrupu müəyyən irəliləyişə nail olub.
Nazirlər, həmçinin ötən həftə BMT-nin Təhlükəsizlik Şurasında nazirlərin Şimali Koreya ilə bağlı keçirilmiş görüşünə toxunaraq həmin mövzuda fikir mübadiləsini davam etdiriblər.
Pxenyana təzyiqlərin davam etdirilməsinin zəruriliyini vurğulayan nazirlər bunun Şimali Koreyanın hökumət orqanlarını öz siyasətini dəyişməyə və raket-nüvə proqramlarından imtina etməyə məcbur edəcəyini bir daha təsdiq ediblər.
Onlar, həmçinin təsdiq ediblər ki, bu məqsədlə ABŞ ilə sıx əməkdaşlıq davam etdiriləcək və Şimali Koreya probleminin həlli üçün Çinin daha çox güc sərf etməsinə ehtiyac var.
Nazirlər Çinin iştirakı ilə yaxın zamanlarda üçtərəfli sammitin təşkili barədə də razılığa gəliblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio