Tovuzda avtoxuliqanlıq edən şəxs 15 sutka müddətinə həbs olunub
Tovuz, 15 avqust, AZƏRTAC
Tovuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (RPŞ, DYPB) əməkdaşları rayon ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücünü saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Tofiq Xalıqverdiyev idarə etdiyi “VAZ” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Onun avtoxuliqanlıq edib və bununla da ictimai-asayişi nümayişkaranə şəkildə pozaraq vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Həmin şəxs barədə İnzibati Xətalar məcəlləsinin müvafiq maddələrinə əsasən tərtib olunmuş inzibati protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə T.Xalıqverdiyev sürücülük hüququndan bir il müddətinə məhrum olmaqla 15 sutka inzibati qaydada həbs edilib.