TOVUZDA ÜZÜM YIĞIMINA BAŞLANMIŞDIR
Tovuz, 31 avqust (AZƏRTAC). Tovuz Ərazi Kənd Təsərrüfatı İdarəsinin baş məsləhətçisi Ərzuman Əhmədov bildirmişdir ki, rayonda süfrə üzümlərinin yığımına başlanmışdır. Bağlardan ilkin olaraq “Kardinal”, “Sarıgilə” və “Təbrizi” sortları dərilir.
Ə.Əhmədovun sözlərinə görə, son zamanlar Tovuzda üzümçülüyün inkişafına diqqət artırılmışdır. Hazırda rayonda 477 hektar üzüm bağları vardır. Bunun 129 hektarı cari ildə salınmışdır. Yeni üzüm bağları, əsasən, Qovlar qəsəbəsində, Duz Qırıqlı, Dönük Qırıqlı, İbrahimhacılı, Aşağı Quşçu və Aşağı Ayıblı kəndlərində salınır. Qovlar qəsəbəsində bu gəlirli sahəni artırmaq üçün sahibkar Ənvər Məmmədov 3 hektar, “Tovuz-Baltiya” şirkəti 2 hektar, Dönük Qırıqlı kəndində «Qapon» firması 3 hektar yeni üzüm bağı salmışlar.
Qeyd edək ki, vaxtilə rayonda mövcud olan 10 min hektardan yuxarı üzüm bağlarından 120 min tondan artıq məhsul toplanıb 15 emal müəssisəsinə təhvil verilirdi. Hazırda rayonda 5 emal müəssisəsi fəaliyyət göstərir və onlardan yalnız biri üzüm emalı ilə məşğul olur. Qalan müəssisələr araq istehsal edir.
Ə.Əhmədov bu gəlirli sahənin inkişafına mane olan problemləri də xatırlatmışdır. Demişdir ki, bir hektar üzüm bağı salmaq sahibkara 9-10 min manata başa gəlir. Banklar isə krediti yuxarı faizlə verirlər. Bu, fermerlərə sərf etmir. Bundan əlavə, emal müəssisələri texniki sortları çox ucuz qiymətə - kiloqramını 20-30 qəpiyə alırlar. Bu isə məhsulun maya dəyərini belə ödəmir. Əgər sahibkarlara aşağı faizlə, həm də uzunmüddətli kreditlər verilərsə, məhsulu satmaq üçün şərait yaradılarsa, Tovuzda üzümçülüyü kənd təsərrüfatının aparıcı sahəsinə çevirmək olar.
Bununla bərabər, rayonda üzüm plantasiyaları salmaq üçün kifayət qədər torpaq sahəsi və işçi qüvvəsi vardır. Yığılan məhsulu saxlamaq üçün 4 soyuducu anbar fəaliyyət göstərir. Sahibkarlara «Aqrolizinq» ASC tərəfindən 50 faiz güzəştlə gübrə satılır, üzüm bağlarına qulluq etmək üçün lazım olan texnika ilə köməklik göstərilir.
Yığılan məhsul satış üçün bazarlara çıxarılır.