“TurAz Qartalı - 2015” birgə təlimləri başa çatıb
Bakı, 18 sentyabr, AZƏRTAC
Avqustun 22-dən başlayan Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2015” birgə taktiki təlimləri sentyabrın 18-də başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov və Türkiyə Hərbi Hava Qüvvələrinin nümayəndəsi polkovnik Nihat Çırakoğlunun iştirakı ilə təlimlərin yekunlarına həsr olunan tədbirdə uçuş və texniki heyətin, aviasiya vasitələrinin fəaliyyəti təhlil edilib, əldə olunan nailiyyətlər diqqətə çatdırılıb, planlaşdırılan birgə işlər müzakirə edilib.
Döyüş təyyarələrinin taktiki-texniki xüsusiyyətlərinin üstünlüklərindən istifadə etməklə uçuşlar keçirən, verilən bütün tapşırıqları peşəkarlıqla icra edən pilotların göstərdikləri nəticələr komandanlıq tərəfindən yüksək qiymətləndirilib.
Bildirilib ki, davamlı olaraq Hərbi Hava Qüvvələrinin birgə təlimlərinin keçirilməsi hər iki ölkənin pilotlarının bacarıq və praktiki vərdişlərinin artmasına, müştərək fəaliyyətlərin planlaşdırılmasına, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət və döyüş uzlaşması imkanlarının öyrənilməsinə və digər tapşırıqların yerinə yetirilməsinə imkan yaradacaq.