Turizm marşrutları üzrə bələdçilərin təliminə start verilib
Naxçıvan, 30 iyun, AZƏRTAC
Naxçıvan Regional Peşə Tədris Mərkəzində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Naxçıvan Muxtar Respublikası Turizm Departamenti və Azərbaycan Turizm Bürosunun birgə təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasında mövcud olan turizm marşrutları üzrə bələdçilərin texniki-peşə biliklərinin təkmilləşdirilməsi” təliminin açılış tədbiri olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən uğurlu islahatların həyatın bütün sahələrində dinamik inkişafı təmin etdiyini vurğulayıb. Bildirib ki, bunun nəticəsində muxtar respublikada yeni iş yerləri yaradılır, əhalinin məşğulluğunun artırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir. İqtisadi güc artdıqca yeni fəaliyyət sahələri yaranır ki, bu da əmək bazarında iş imkanlarının artmasına səbəb olur. Nəticə etibarilə ixtisaslı kadrlara olan tələbat artır və bu sahədə dövlət dəstəyi gücləndirilir. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası mühüm əhəmiyyətə malikdir. Proqramın uğurla icra olunması digər sahələrlə bərabər peşə təhsilinin inkişafına da yeni imkanlar yaradıb. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş peşə təhsili üzrə kadr hazırlığı aparılması nəzərdə tutulan ixtisasların siyahısında Turizm agenti peşəsi üzrə kursun tədris planı da təsdiq edilib.
“Naxçıvan Muxtar Respublikasında mövcud olan turizm marşrutları üzrə bələdçilərin texniki-peşə biliklərinin təkmilləşdirilməsi” təliminin əhəmiyyətindən danışan Turizm Departamentinin direktoru Əkbər Novruzov çıxışında bildirib ki, bələdçi təlimi muxtar respublikada fəaliyyət göstərən bələdçilərin texniki-peşə biliklərinin təkmilləşdirilməsinə və peşəkarlıq səviyyələrinin yüksəldilməsinə hesablanıb. Təlim Azərbaycan Turizm Bürosunun Sənaye Assosiasiyaları üzrə meneceri və Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının beynəlxalq təlimçisi tərəfindən keçiriləcəkdir. Bu isə təlim iştirakçılarının müasir tələblər əsasında bələdçilik bacarıqlarını təkmilləşdirməyə şərait yaradacaqdır.
Azərbaycan Turizm Bürosunun Sənaye Assosiasiyaları üzrə meneceri, Ümumdünya Turizm Bələdçiləri Assosiasiyaları Federasiyasının (WFTGA) beynəlxalq təlimçisi Səkinə Əsgərova qeyd edib ki, turizm bələdçisi yerli və xarici turistlərə turizm marşrutları üzrə respublikamızın bölgələrinin coğrafiyası, tarixi, iqtisadiyyatı, incəsənət və əsas mədəniyyət mərkəzləri, muzeyləri, maddi və mədəni tarixi-memarlıq abidələri, eyni zamanda, bölgə əhalisinin etnoqrafik xüsusiyyətləri haqqında ətraflı məlumat verən şəxsdir. Turizm bələdçisi kimi fəaliyyət göstərən şəxslər xarici dil biliklərinə, yüksək ünsiyyət qurma, səlis, işgüzar danışıq bacarığına, ölkənin coğrafiyası, tarixi və mədəniyyəti barədə ətraflı biliklərə, dünyagörüşünə malik olmalıdır.
Dörd gün davam edəcək təlimdə iştirakçılara “Kursun məqsədi və obyektləri”, “Turizm bələdçisinin rolu”, “Müxtəlif növ turlarda bələdçilik fəaliyyəti”, “Bələdçi mətninin strukturu”, “Səs, sözlərdən istifadə, sualların idarə edilməsi”, “Turizm məhsulu və turizm marşrutunun inkişaf etdirilməsi”, “Gəzinti və avtobus turunda beynəlxalq standartlar” mövzusunda seminarlar tədris olunacaq.
Təlimin ikinci günündən başlayaraq Naxçıvan Muxtar Respublikası üzrə tematik, muzey, gəzinti və avtobus turları üzrə praktik məşğələlər də təşkil ediləcək, sonda təlimi uğurla başa vuran iştirakçılara şəhadətnamə və dinləyici sertifikatları veriləcək.