“Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının dördüncü nömrəsi çapdan çıxıb
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əsas elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının dördüncü nömrəsi çapdan çıxıb.
ATMU-dan AZƏRTAC-a bildirilib ki, jurnala daxil edilmiş məqalələrdə piyada turizmində texniki hazırlığın model göstəriciləri, islami və dini turizmin mənşəyi və əhəmiyyəti, aktivlərin birja qiymətlərinin tədqiqi və proqnozlaşdırılması, “Qədim İpək yolunun bərpası” layihəsinin reallaşması prosesində ümummilli lider Heydər Əliyevin rolu, UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Qobustan Dövlət Tarixi-Bədii Qoruğunun marketinqinin təhlili və ixrac potensialının qida təhlükəsizliyinə təsirinin iqtisadi qiymətləndirilməsindən bəhs edilib. Yeni nömrədə, həmçinin Azərbaycanda aviadaşımaların iqtisadi inkişafa təsiri, qlobal miqrasiya tarixində yeni tendensiyalar, o cümlədən proseslərin tənzimlənməsində siyasi və hüquqi problemlər, Gəncənin tarixi-dini abidələrinin tolerant dəyərlərin və multikulturalizm mühafizəçisi kimi tədqiqinin əhəmiyyəti, Azərbaycan televiziyasında əsas üslub modelləri araşdırılıb və tədqiqat nəticələri təhlil edilib.
Jurnalın elektron versiyası ilə ATMU-nun Kitabxana İnformasiya Mərkəzində və rəsmi saytında tanış olmaq mümkündür.