Türk Strateji Araşdırmalar Mərkəzində 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilmişdir
Ankara, 21 yanvar (AZƏRTAC). Ankarada Türk Strateji Araşdırmalar Mərkəzi (TÜRKSAM) və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) 20 Yanvar faciəsinin ildönümü ilə bağlı tədbir keçirmişlər.
Türkiyə və Azərbaycan şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
TÜRKSAM-ın sədri və Türkiyə-Azərbaycan Dərnəyinin rəhbəri Sinan Oğan tədbiri açaraq bildirmişdir ki, bu gün müstəqilliyini möhkəmləndirmiş və dünyada nüfuzlu dövlətə çevrilmiş Azərbaycan bu müstəqilliyin qədrini yaxşı bilir. Çünki dövlət müstəqilliyi yolunda qan tökülmüş, şəhidlər verilmişdir.
Sinan Oğan bildirmişdir ki, 1990-cı ilin Qanlı Yanvar günlərində Bakıda baş verənlərə etiraz əlaməti olaraq onun rəhbərlik etdiyi gənclər İstanbulda SSRİ-nin baş konsulluğu önündə etiraz aksiyası keçirmişlər. Bu aksiyalar Türkiyənin digər şəhərlərində də təkrar olunmuşdur.
Tədbirdə çıxış edən ATXƏM-in sədri İlham İsmayılov, Azərbaycan Bələdiyələr Birliyinin sədri Əbülfəz Babayev, Disaporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Elnar Məmmədov, keçmiş millət vəkili Şamil Ayrım və başqaları o qanlı günlərdən bəhs etmiş, həmin faciənin Azərbaycan xalqının iradəsini, azadlıq əzmini qırmadığını vurğulamışlar. Xalqımızın ümummilli lideri Heydər Əliyevin Moskvada olduğu zaman bu qətliama kəskin etiraz edən bəyanat verdiyi, Kommunist partiyası sıralarını tərk etdiyi və yenidən hakimiyyətə gəldikdən sonra faciəyə siyasi qiymət verən qərarın parlamentdə qəbul olunduğu xüsusi olaraq qeyd edilmişdir.
Tədbirdə 20 Yanvar faciəsini əks etdirən slayd nümayiş olunmuşdur.
Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları tədbirdə iştirak etmişlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara