Türkiyə Azərbaycan Dərnəyinin rəhbəri Türkiyə Böyük Millət Məclisinə deputat seçilmişdir
Bakı, 13 iyun (AZƏRTAC). Türkiyədəki Azərbaycan diasporunun liderlərindən biri, Türkiyə Azərbaycan Dərnəyinin (TAD) rəhbəri Sinan Oğan Türkiyə Böyük Millət Məclisinə (TBMM) deputat seçilmişdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Sinan Oğanın namizədliyi Milliyyətçi Hərəkat Partiyası (MHP) tərəfindən Türkiyənin İğdır bölgəsindən irəli sürülmüşdür. MHP-nin S.Oğanı bu bölgədə əsas namizəd kimi göstərməsi onun İğdırda yaşayan azərbaycanlıların səslərini qazanacağına əminlikdən irəli gəlmişdir.
Xatırladaq ki, əslən azərbaycanlı olan S.Oğan 1967-ci ildə İğdırda anadan olmuşdur. 1989-cu ildə Mərmərə Universitetini bitirib. 1993-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsində işləyən S.Oğan 2000-ci ildə Türkiyəyə qayıdaraq Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti üzrə çalışmışdır. Onun iştirakı ilə Türkiyədə 20 Yanvar, Xocalı soyqırımı, 1918-ci mart qırğınları qurbanlarının xatirəsinə həsr olunan çoxlu tədbirlər təşkil olunmuşdur. Azərbaycan dövləti və xalqının maraqlarının daha ardıcıl və sistemli şəkildə müdafiə edilməsi üçün TAD-ı yaratmışdır.
TAD-ın yaradılması ilə Azərbaycanın Türkiyədəki diasporu daha da güclənmişdir. TAD müntəzəm olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı düşmənçilik siyasəti ilə bağlı beynəlxalq konfrans və seminarlar keçirmişdir.
Seçki ərəfəsində keçirdiyi çoxsaylı görüşlərdə Sinan Oğan dəfələrlə bayan etmişdir ki, parlamentə seçiləcəyi təqdirdə Türkiyə ilə yanaşı Azərbaycanın da maraqlarını qoruyacaqdır. Sinan Oğanın seçki platformasının əsasını Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, Metsamor AES-in bağlanması, eləcə də İğdırda mövcud olan bir sıra iqtisadi-sosial problemlərin həlli təşkil edir.