TÜRKİYƏ-AZƏRBAYCAN QARDAŞLIĞI SARSILMAZDIR
Qonaqları səmimi salamlayan Milli Məclisin sədri demişdir: “Ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafında Azərbaycan xalqının, eləcə də bütün türk dünyasının lideri Heydər Əliyevin xüsusi xidmətləri olmuşdur. Unudulmaz Heydər Əliyevin dediyi kimi, biz bir millət, iki dövlətik. Qardaşlıq əlaqələrimiz daha da möhkəmlənəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu ləyaqətlə davam etdirir və Türkiyə dövləti tərəfindən aldığımız dəstək bizə belə deməyə imkan verir. Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi olan və ölkələrimizin, eləcə də regionun iqtisadi inkişafı üçün nəzərdə tutulmuş Bakı-Tbilisi-Ceyhan və Bakı–Ərzurum layihələrinin həyata keçirilməsi üçün bütün səylərimizi artırmalıyıq. Bu layihələrin gerçəkləşməsi xalqlarımızın rifah halının yaxşılaşmasında mühüm rol oynayacaqdır.
Murtuz Ələsgərov daha sonra parlamentlərarası əlaqələrin, Dağlıq Qarabağ münaqişəsi və problemin həlli ilə bağlı Azərbaycanın ədalətli mövqeyi barədə qonağa ətraflı məlumat vermişdir.
O, türkiyəli həmkarını Azərbaycana rəsmi səfərə dəvət etdiyini də qonağın nəzərinə çatdırdı.
Səmimi qəbul üçün minnətdarlıq edən Abdullah Gül əvvəlcə öz ölkəsinin parlament sədrinin salamlarını Murtuz Ələsgərova çatdırdıqdan sonra demişdir: “Siz çox düzgün buyurdunuz ki, ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafında möhtərəm Heydər Əliyevin xüsusi rolu olmuşdur. Bütün türk dünyasının lideri olan bu dahi şəxsiyyət bizim üçün nə lazım idisə onu da etdi. İndən belə biz onun qalan arzularının və xalqlarımızın rifah halının yaxşılaşmasına xidmət edən layihələrin həyata keçirilməsinə çalışmalıyıq. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşası 2005-ci ildə başa çatacaq və Azərbaycan nefti dünya bazarına çıxarılacaq. Bu Azərbaycanın xoşbəxt gələcəyi deməkdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə, biz Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik. Ermənistan təcavüzkar siyasətindən əl çəkməyincə Türkiyə bu ölkə ilə heç bir əlaqə qurmayacaqdır. Türkiyə bir qardaş olaraq daim Azərbaycanın yanındadır və bu xətt heç zaman dəyişməyəcək.”
Abdullah Gül parlamentlərarası əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bildirmişdir.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.